Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.03.2025 10:02
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşları geoparklara dair tədbirdə iştirak ediblər

Coğrafiya İnstitutunun əməkdaşları geoparklara dair tədbirdə iştirak ediblər

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, c.ü.f.d. Rövşən Kərimov, elmi işçi Nazim Gəraylı və institutun doktorantı Aynur Quluyeva Caucasus Environmental Network (Qafqazda ətraf mühit sahəsində qeyri-hökumət təşkilatları şəbəkəsi) təşkilatının Bakıda keçirdiyi “Qafqaz Geoparkları Şəbəkəsi Proqramı”nın Birinci Koordinasiya Toplantısında iştirak ediblər.

Tədbirə CENN-in nümayəndəsi Vaxtanq Koçaradze və Geoparklar layihəsinin Azərbaycan üzrə əlaqələndiricisi, Xəzər Universitetinin Ekoloji Tədqiqatlar Mərkəzinin rəhbəri c.ü.f.d. Rövşən Abbasov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İsveçrə Əməkdaşlıq Ofisinin Azərbaycan üzrə Milli Proqramının təmsilçiləri, elmi-tədqiqat institutlarının, universitetlərin, qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıblar.

Görüşün məqsədi Cənubi Qafqazda vahid geopark şəbəkəsinin inkişafı üçün mövcud potensialın və imkanların nəzərdən keçirilməsi, bu prosesə mütəxəssis kimi öz töhfəsini verə biləcək maraqlı tərəflərin rəyinin öyrənilməsi və fikir mübadiləsinin aparılması olub. Görüşə qatılan maraqlı tərəflər biomüxtəlifliyin qorunması, davamlı turizmin inkişafı və mədəni irsin qorunmasına dair fikirlərini bölüşüblər.

Qeyd edək ki, Cənubi Qafqazda “Qafqaz Geoparkları Şəbəkəsi” layihəsi İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə CENN tərəfindən həyata keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: