AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Kitabxana işləri üzrə direktor müavini fil.ü.f.d., dosent Şəhla Quliyeva Bakı Avrasiya Universitetində “Gənc alim və müəllimlərin elmi-tədqiqat fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda təşkil olunan təlimdə təqdimatla çıxış edib.
Təlimdə BAAU-nun gənc müəllimləri, magistrant və doktorantları iştirak ediblər. Bir günlük tədbirin əsas məqsədi gənc alimlərin tədqiqat məhsuldarlığını artırmaq, tənqidi düşüncə və effektiv ünsiyyət bacarıqlarını inkişaf etdirmək, eləcə də tədqiqat işlərində əməkdaşlığı təşviq etmək üçün onlara praktik alətlər, strategiyalar və biliklər təqdim etmək olub.
Şəhla Quliyeva “Effektiv tədqiqat prosesinin izahı” adlı təqdimatında tədqiqat mövzusunun və problemin seçilməsi, ədəbiyyatın araşdırılması, məlumatın toplanması və təhlili, eləcə də əsas tapıntıların mövcud nəzəriyyə ilə müqayisə edilməsi mövzularına toxunub. O, tədqiqat prosesinin səmərəli şəkildə həyata keçirilməsi üçün vacib məqamları iştirakçılarla bölüşüb.
Təlim proqramı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, müzakirələr aparılıb və suallar cavablandırılıb. Sonda iştirakçılara sertifikatlar təqdim edilib. Təlimin gənc alimlərin elmi fəaliyyətinə müsbət töhfə verəcəyi qeyd edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.