Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.03.2025 11:04
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlərin multidissiplinar tədqiqatlarının nəticəsi Pakistanda təqdim olunub

Azərbaycanlı alimlərin multidissiplinar tədqiqatlarının nəticəsi Pakistanda təqdim olunub

Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrasının nəzdində elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi Hafiz Osmanov Pakistan İslam Respublikasının Kəraçi Universiteti nəzdində olan Beynəlxalq Kimya və Biologiya Elmləri Mərkəzinin təşkil etdiyi 16-cı Beynəlxalq Təbii Məhsullar Kimyası Simpoziumunda Azərbaycanı təmsil edib.

Simpoziumda İsveç, Almaniya, Yaponiya, ABŞ, İtaliya, Türkiyə, Qazaxıstan, Çin, Rusiya, İran, Əlcəzair, Misir, İordaniya, Pakistan, Səudiyyə Ərəbistanı, Yəmən, Nigeriya, Kamerun və s. kimi ölkələrin tanınmış kimyaçı alimləri sanballı və maraqlı məruzələrlə çıxış ediblər.

Hafiz Osmanov dövlət başçısının “Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 28 sentyabr 2024-cü il tarixli Sərəncamından irəli gələn tələblərə müvafiq olaraq, Elm və Təhsil Nazirliyi akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları ilə birgə multidissiplinar tədqiqatlarının nəticəsini 2 poster tezislə məruzə edib.

Hər iki poster təqdimat institutun direktoru akademik Vaqif Abbasovun rəhbərliyi ilə əməkdaşlar tərəfindən əldə olunan naftalan neftindən ayrılan “Ağ naftalan” preparatı, eləcə də “ABFARMA” MMC-yə məxsus tərkibində naften karbohidrogenləri olan bəzi dərman və kosmetik vasitələrin kimyəvi tərkibi, tibbi təsir mexanizmlərinin öyrənilməsi perspektivləri barədə olub. Bu poster məruzələr məşhur azərbaycanlı kimyaçı alim, Azərbaycan elminə və təhsilinə böyük töhfələr vermiş, naftalan neftinin tibbi təsir mexanizmi barədə öncədən doğru fikir yürüdə bilmiş akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi şərəfinə edilib. Onun haqqında ingilis dilində sənədli film sərgilənmiş, filmin diski, alimin üzərində kimya haqqında söylədiyi dərin fəlsəfi fikrin əks olunduğu portreti, “Word of Azerbaijan” “Azərbaycan dünyası” beynəlxalq jurnalının mart 2024, 129 saylı “Salam Pakistan” dərgisi, Azərbaycan-Pakistan dövlətlərarası əlaqələri əks etdirən jurnal, akademik Yusif Məmmədəliyevin qızı, AMEA-nın müxbir üzvü Sevda xanım Məmmədəliyevanın Nizami Məmmədovla həmmüəllif olduğu “COP 29”la bağlı 3 dildə nəşr olunmuş “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” adlı kitabı beynəlxalq elmi mərkəzə hədiyyə edilib.

Müqəddəs Quran tilavəti ilə başlayan plenar açılış məruzəsi bu beynəlxalq elmi mərkəzin qurucusu olan məşhur pakistanlı alim prof. Dr. Atta-ur-Rahmanın özünün 2000-ci illərdə Federal Elm və Texnologiya Naziri və Ali Təhsil Komissiyasının sədri olduğu zaman tətbiq etdiyi islahatlar nəticəsində Pakistanın ali təhsilinin mənzərəsinin sürətlə necə dəyişməsi haqqında olub.

Daha sonra bir sıra çıxışlar dinlənilib.

Sonda simpoziumun iştirakçılarına sertifikatlar təqdim olunub, beynəlxalq mərkəzin direktoru xanım prof. Dr. Farzana Shaheen ilə Hafiz Osmanovun həmtəsisçisi olduğu “Science for Health” MMC tərəfindən rəsmi olaraq qarşılıqlı anlaşma memorandumu imzalanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: