“Sabahın Alimləri” XIV Respublika Layihə Müsabiqəsinin final mərhələsi keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdləri aşkara çıxarmaq, onlarda tənqidi düşünmə, problem həlletmə, vaxtın idarə olunması, natiqlik və ünsiyyət kimi bacarıqları inkişaf etdirmək, ali təhsil müəssisələri və elmi tədqiqat müəssisələri ilə ümumi təhsil müəssisələri arasında əlaqələri genişləndirmək, həmçinin şagirdlərin oxşar maraqları olan həmyaşıdları ilə şəbəkələşməsini təmin etmək olub. Müsabiqədə şagirdlərin 9 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt) üzrə elmi-tədqiqat layihələri dəyərləndirilib. Tədbirin bağlanış mərasimində Biofizika İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Oktay Qasımov da iştirak edib, qalib şagirdləri medal və sertifikatlarla təltif edib.
Bu müsabiqəyə Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin X sinif şagirdləri Əlizadə Leyla və Quluzadə Gülay Biofizika İnstitutunun “Fiziki-kimyəvi stress faktorlarının biofizikası” laboratoriyasında mütəxəssis alim kimi b.ü.f.d., dos. Sevinc Cəfərovanın rəhbərliyi altında tədqiqat işləri apararaq Tibb və sağlamlıq istiqaməti üzrə “İnsulin rezistentliyi fonunda Metformin, Sulfonil sidik cövhəri və Galega Officinalisin eritrositlərdə baş verən oksidativ proseslərinin inkişafına təsirinin tədqiqi” adlı layihə hazırlayıb təqdim ediblər. Çox sevindirici haldır ki, şagirdlərin təqdim etdiyi bu layihə Tibb və Sağlamlıq nominasiyası üzrə I yerə layiq görülüb və şagirdlər qızıl medalla təltif olunublar! Bu uğurun qazanılmasında əməyi keçən Biofizika İnstitutunun “Fiziki-kimyəvi stress faktorlarının biofizikası” laboratoriyasının müdiri b.ü.f.d., dos. Sevinc xanım Cəfərovaya dərin təşəkkürümüzü bildirir, elm və bilik yolunda irəliləyən bütün gənclərimizə uğurlar arzulayırıq!
Qeyd edək ki, "Sabahın Alimləri" Respublika Müsabiqəsində qızıl medal qazanan 2 komanda ABŞ-da keçirilən "Regeneron ISEF" (International Science and Engineering Fair) beynəlxalq müsabiqəsinə vəsiqə qazanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.