Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.03.2025 16:25
  • A-
  • A
  • A+

Bizi birləşdirən Novruz

Bizi birləşdirən Novruz

AMEA-da beynəlxalq konfrans keçirilib

Martın 18-də AMEA-nın Əsas binasında Tarix və Etnologiya İnstitutunun təşkilatçılığı ilə “Bizi birləşdirən Novruz” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, Tarix və Etnologiya İnstitutunun əməkdaşları, Akademiyanın elmi müəssisə və təşkilatlarının nümayəndələri, həmçinin Qazaxıstan, İran və Moldovadan alimlər və aidiyyəti şəxslər iştirak ediblər.

Əvvəlcə Novruz bayramının ruhunu əks etdirən etnoqrafiya və rəsm sərgisinə baxılıb.

Konfransı giriş nitqi ilə açan akademik İsa Həbibbəyli tədbir iştirakçılarını İlaxır çərşənbə və Novruz bayramı münasibətilə təbrik edib, bu bayramın ölkəmizdə min illərdir qeyd olunduğunu deyib. “Novruz” sözünün etimologiyasına toxunaraq bildirib ki, bununla bağlı müxtəlif versiyalar var və bunlardan biri də Nuh peyğəmbərlə bağlı əfsanədir. Akademik İsa Həbibbəyli qeyd edib ki, mifologiyaya əsasən, Nuh peyğəmbər uzun müddət suyun üzərində qaldıqdan sonra havaya uçurtduğu, Azərbaycan mənbələrinə görə qaranquşun, Türkiyə mənbələrində isə göyərçinin dimdiyində yarpaqla qayıtmasından sonra yaxınlıqda quru ərazinin olduğunu güman etmiş, nəhayət quruya çıxdığı gün yazın ilk gününə təsadüf etdiyindən, həmin tarix Novruz bayramı kimi qeyd olunmuşdur. Akademik İsa Həbibbəyli görkəmli tarixçi-etnoqraf, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin müxtəlif mənbələrə əsasən, həmin tarixdə gecə ilə gündüzün bərabərləşdiyinə dair nümunələr təqdim etdiyini və mifologiyadakı məlumatlarla səsləşdiyini deyib. Həmçinin “Nov” sözünün Nuh peyğəmbərin adı ilə bağlı olduğunu, bir sıra xalqlarda onun “Nov”, “Nou”, “Noy” kimi təqdim edildiyini bildirib.

Ümumilikdə isə, Novruz bayramının türk xalqlarının ən qədim mərasimlərindən biri olduğunu deyən akademik İsa Həbibbəyli bu əlamətdar hadisənin insanların təbiətin oyanışını dərk etdikləri vaxtdan qeyd edildiyini söyləyib.

AMEA rəhbəri bu bayramın adət-ənənələrinin xalqımız tərəfindən min illərdir yaşadıldığını deyərək Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Novruz bayramına Milli Dövlət Bayramı statusu verildiyini söyləyib. Bildirib ki, dahi liderin davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev də Novruz bayramına xüsusi həssaslıqla yanaşır, hər il bayram ərəfəsində xalqımızı təbrik edir, bu bayramı xalqımızla bir arada qeyd edir.

AMEA prezidenti Akademiyanın kollektivini əlamətdar günlər münasibətilə təbrik edib, elmimizin inkişafı yolunda fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

AMEA rəhbəri Tarix və Etnologiya İnstitutunun təşkilatçılığı ilə keçirilən “Bizi birləşdirən Novruz” mövzusunda beynəlxalq konfransın işinə uğurlar diləyib.

Sonra AMEA-nın Tarix və Etnoqrafiya İnstitutunun Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri tarix elmləri doktoru Güllü Yoloğlu “Tıva türklərinin Şaqaa bayramı ilə Novruzun ortaq dəyərləri”, Qazaxıstanın “Atamın Amanatı” İctimai Təşkilatının həmtəsisçisi, hüquqşünas, Avrasiya Xalqları Assambleyasının Nəsil Mədəniyyəti Komitəsinin həmsədri Əliyə Sağımbayeva “Qazaxıstanda Naurızın keçirilmə tarixi”, iranlı alim, Türkiyənin İstanbul Universitetinin əməkdaşı Dr. Mohammad Razzagi “İran türklərində Novruz” və Moldovanın Mədəniyyət Mirası İnstitutundan filologiya elmləri doktoru, dosent Yevdokiya Soroçanu “Qaqauzların İlkyaz yortuları” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda konfrans iştirakçılarının müşayiətilə İlaxır çərşənbə və Novruz bayramı münasibətilə bayram tonqalı qalanıb. Tonqal ətrafında qazaxların xalq çalğı aləti olan dombrada bayram musiqisi ifa olunub və xatirə şəkilləri çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: