Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.04.2025 09:58
  • A-
  • A
  • A+

Coğrafi problemlərə dair beynəlxalq konfrans keçirilib

Coğrafi problemlərə dair beynəlxalq konfrans keçirilib

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda “Regionların sosial-iqtisadi inkişafı və onun coğrafi problemləri” adlı elmi-praktiki konfrans keçirilib.

Konfransı keçirməkdə əsas məqsəd regionlarda və ölkəmizdə müasir coğrafiyanın problemlərini müzakirə etmək, onun həlli yollarını araşdırmaq, həmçinin yeni araşdırmaları, düşüncələri bölüşmək, fikir mübadiləsi aparmaq olub.

Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani tədbir iştirakçılarını salamlayaraq keçirilən tədbirin əhəmiyyətindən danışıb, konfransın coğrafiya elminə növbəti töhfə verəcəyini, maraqlı məruzələr dinləniləcəyini diqqətə çatdırıb. Sonra o, tədbir iştirakçılarını konfransın proqramı ilə tanış edərək tədbirin işinə uğurlar arzu edib.

Çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, dosent Yusif Alıyev, Bakı Dövlət Universitetinin kafedra müdiri professor Şövqi Göyçaylı, Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri prof. Rza Mahmudov, institutun Landşaftşünaslıq, landşaft planlaşdırılması şöbəsinin müdiri dosent Mirnuh İsmayılov və tarix üzrə fəlsəfə doktoru, dosent Bahadur Bilalov bildiriblər ki, regionların sosial-iqtisadi inkişafı həmişə alim və tədqiqatçılarımızın tədqiqat obyekti olub və coğrafiyaçılar bu sahədə xüsusilə fərqləniblər. İndiki mərhələdə regionların sosial-iqtisadi inkişafında Azərbaycanın yeni modelinin, yeni idarə olunmasının formalaşmasında coğrafi tədqiqatların rolu əhəmiyyətlidir. Çıxış edənlər Coğrafiya İnstitutunun Elmi şurasının qərarı ilə hazırlanan “Azərbaycanda coğrafiyanın nailiyyətləri və prioritet istiqamətləri” fundamental kitabının nəşrə təqdim edilməsini, korifey alimlərin fundamental tədqiqatlarının nəticələrinin orada yer aldığını diqqətə çatdırıblar, çıxışlarının sonunda konfransın işinə uğurlar arzu ediblər.

Sonra xarici ölkələrin coğrafiyaçı həmkarlarının salamı və təbriki video formatda konfrans iştirakçılarına çatdırılıb. 

Plenar iclasda BDU-nun iqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Çingiz İsmayılov “Müasir coğrafi tədqiqatlarda aktual mövzu seçiminin vacibliyi”, BDU-nun müəllimi, Türkiyənin Egey Universitetinin əməkdaşı, coğrafiya elmləri doktoru professor Aydın İbrahimov “Türk dünyası: “Formalaşma və inteqrasiyasının əsas problemləri”, coğrafiya üzrə fəlsəfə doktoru Camal Hüseynov “İqlim dəyişmələrinin Azərbaycan ərazisinə təsirinin xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış ediblər.

Fasilədən sonra konfrans işini bölmələr üzrə davam etdirib. İclasda “Qazax-Tovuz iqtisadi rayonunun tədris prosesində müşahidə edilən problemlər və onlardan çıxış yolları”, “İşğaldan azad edilmiş Xankəndi və yaxın ərazilərdə turizmin rekreasiya potensialının qiymətləndirilməsi”, “Ekoturizmin inkişafında Qızılağac Milli Parkının rolu”, “Naxçıvan Muxtar Respublikasında turizmin təkmilləşdirilməsi strategiyaları”, “Dolların Türkiyə iqtisadiyyatında rolu”, “Jordan formasına keçid: riyazi yanaşmalar, hesablama texnologiyaları, və tətbiqi sahələrdəki əhəmiyyəti”, “Klinoptilolitin ilbiz seliyi və nar çəyirdəyi ilə modifikasiyasi: ağır metal adsorbsiyasinin optimallaşdırılması”, “Azərbaycanın qalibiyyəti: yeni Qarabağ və müasir Naxçıvan”, “Balakən rayonunda kəndlərin tipoloji təsnifatının əhalinin məskunlaşmasında rolu”, “İqtisadi rayonların şəhər əhalisi üzrə təbii artım prosesləri” və s. mövzularda  məruzələr dinlənilib.

Dinlənilən məruzələr ətrafında müzakirələr edilib, fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: