Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.04.2025 15:08
  • A-
  • A
  • A+

Arxeologiya və Antropologiya İnstitutunda “Könüllülük proqramı” elan olunub

Arxeologiya və Antropologiya İnstitutunda “Könüllülük proqramı” elan olunub

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun İçərişəhərdə yerləşən Muzey-sərgi zalında tətbiqi hədəflənən elmi-praktik təcrübə və onunla bağlı ilk “Könüllülük proqramı” elan olunub.

Elan vasitəsilə müsabiqə şərtləri və qeydiyyat forması ictimaiyyətə təqdim edilib. Proqramda iştirak edən könüllülərə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu adından sertifikat və tövsiyə məktubu, ən uğurlu könüllülərə isə mükafat və diplom veriləcəyi bildirilib. İki hissədən ibarət “Könüllülük proqramı”nın ilk hissəsində seçilən namizədlərə akademik təlimlər və muzey işi ilə bağlı ustad dərsləri keçilməsi, daha sonra isə onların Muzey-sərgi zalında əyani fəaliyyəti planlaşdırılıb.

2025-ci ilin 27 fevralında “İçərişəhər” Muzey Mərkəzinin dəstəyi ilə qeyd edilən elanın məzmununa uyğun “Könüllülük proqramı”nın mətbuata rəsmi açılışı olub. Sözügedən Proqram çərçivəsində AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilk dəfə olaraq muzey bələdçiliyi istiqamətində könüllülük fəaliyyətini təşviq edən fəaliyyət başlanıb. Muzey işi sahəsində praktiki və nəzəri biliklərə yiyələnməyi hədəfləyən, gələcəkdə özünü bu sahədə inkişaf etdirmək istəyən, arxeologiyaya və tarixi artefaktlarla işləməyə marağı olan gənclər elan olunmuş müsabiqəyə xüsusi hazırlanmış forma üzərindən müraciət etmişdilər və qəbul olunmuş 150-yə yaxın müraciət arasından akademik münsiflər heyəti tərəfindən 60 gənc təlimlərə cəlb olunub. Təlimlər AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun yüksəkixtisaslı, peşəkar mütəxəssisləri tərəfindən və eləcə də Radiasiya Problemləri İnstitutunun, Azərbaycan Milli Tarix Muzeyinin, Xəzər Universitetinin və müstəqil ekspertlərinin iştirakı ilə xüsusi seçilmiş mövzular əsasında həyata keçirilib. Bu mövzulara akademik arxeologiyanın problemləri ilə fənnlərarası, interaktiv, praktik səpgidə muzey işi və turizm bələdçiliyi ilə bağlı istiqamətlər də daxil edilib.

Həyata keçirilən “Könüllülük proqramı”nın işinə dəstək olmaq üçün Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial Elmlər fakültəsinin tarix müəllimliyi ixtisasının dördüncü il tələbələri AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun “Elmi Fond və Ekspozisiya” şöbəsinin layihə üçün seçilmiş heyətilə birgə fəallıq göstərmiş və təşkil olunan tədbirlərdə səmərəli istirak etmişdilər. Eləcə də, institutun direktoru PhD, Dos. Fərhad Quliyev və Elmi katibi PhD, Dos. Ellada Bəkirova başda olmaqla akademik şöbələrin seçilmiş əməkdaşları - PhD. Yaqub Məmmədov, Fidan Əliyeva, Mircavid Ağalarov fəal şəkildə müsahibələrdə münsif kimi iştirak ediblər.

Elmi-praktik təlimlərin əsas hissəsi AMEA əsas inzibati binasındakı elmi zallarda, qalan təlim və kurslar isə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun İçərişəhərdə yerləşən Muzey-sərgi zalında təcrübi-dərslər şəklində təşkil olunub. Təlimlərin uğurla başa çatmasının ardınca aprel ayından etibarən muzey işi üçün ən uyğun könüllülər AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Muzey-sərgi zalında praktiki təcrübəyə cəlb olunacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: