AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) 27 Mart “Elm günü”nə həsr olunmuş tədbir keçirilib.
RSXM-nin baş direktorunun elmi işlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, baş direktorun ümumi işlər üzrə müavini Ramiz İskəndərov, mərkəzin müvafiq şöbələrinin rəhbərləri və əməkdaşlarının iştirak etdiyi tədbirdə ali məktəblərin tələbələri və orta məktəblərin şagirdləri iştirak ediblər.
Tədbirdə iştirakçılara Respublika Seysmoloji Xidmət Mərkəzində aparılan kompleks seysmoloji, geofiziki, geodinamik, geokimyəvi tədqiqatlar haqqında ətraflı məlumatlar verilib.
RSXM-nin Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova tələbələrə və şagirdlərə ölkəmizdəki palçıq vulkanlarının morfoloji, izotop-kimyəvi xüsusiyyətləri, əmələgəlmə şəraitinə dair məlumatlar verərək, mərkəzdə aparılan elmi tədqiqatlar və alınmış nəticələr barədə təqdimatla çıxış edib.
“Zəlzələlərin təqdiqatı büro”sunun böyük elmi işçisi, Yer elmlər üzrə fəlsəfə doktoru Şirin İslamova RSXM-nin seysmik stansiyalar şəbəkəsi, seysmik stansiyalardan alınan siqnalların qəbulu və emalı prosesi, eləcə də mərkəzdə aparılan kompleks geofiziki-seysmoloji tədqiqatlar haqqında ətraflı məlumat verib.
Makroseysmik tədqiqatlar şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev, Qravimetriya şöbəsinin müdiri Elçin Bağırov, Maqnitometriya şöbəsinin müdiri vəzifəsini icra edən Nadirşah Xanbabayev, Episentral şöbənin elektronçusu Əmirxan Abbasov iştirakçıları mərkəzin müvafiq şöbələrində aparılan ölçmə işləri ilə yaxından tanış ediblər, eləcə də mərkəzin Gənc Alim və Mütəxəssis Şurasının üzvləri tələbələrə və məktəblilərə "Zəlzələ zamanı davranış qaydaları" haqqında təlim keçiblər.
İştirakçılara 1902-ci ildən sonra Azərbaycanda aparılan müşahidələr zamanı istifadə olunan seysmoloji və geofiziki cihazlar əyani şəkildə nümayiş etdirilib. Azərbaycanda seysmik vəziyyətin hazırkı vəziyyəti, beynəlxalq qrant layihəsi çərçivəsində ölkəmizə gətirilən yeni seysmik stansiyaların quraşdırılması və fəaliyyəti ilə məruzələr təqdim olunub.
Daha sonra qonaqlara çöl ekspedisiya tədqiqatlarında istifadə olunan geofiziki cihazlar vasitəsilə dalğaların qeydə alınması, eləcə də seysmik kəşfiyyat işləri ilə bağlı məlumatlar verilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən hər il ölkəmizdə martın 27-i “Elm günü” kimi qeyd edilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.