“Elmin mühüm funksiyalarından biri də elmi elitanın formalaşdırılmasıdır. Bu elita rasional düşüncə tərzinə malikdir və ölkəmizdə dövlətimizin məqsədyönlü siyasəti nəticəsində milli elmi elita formalaşmışdır. Bu, dövlət səviyyəsində elmə göstərilən diqqətin bariz nümunəsidir. Elmin inkişafı sahəsində əldə etdiyimiz nailiyyətlər artıq sabit bir templə davam edir”.
Bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın Elm Gününə həsr olunmuş tədbirində “Elm Günü və elmlə ədəbiyyatın dialoqu” adlı məruzəsində deyib. Builki Elm Gününün AMEA-nın 80 illik yubileyinə təsadüf etdiyini deyən akademik İsa Həbibbəyli dövlət başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamı ilə keçilmiş şərəfli tarixi yola qiymət verildiyini və Akademiyanın gələcək vəzifələrini müəyyənləşdirdiyini bildirib.
Akademik İsa Həbibbəyli dövlət başçısının bu günlərdə imzaladığı elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı Sərəncamının ölkəmizdə elmin inkişafına, sovet dövründən miras qalmış köhnə modellərdən imtina edilərək, artıq müstəqil Azərbaycan dövlətinin zəruri hesab etdiyi sahələr üzrə yenilənmiş və müasir çağırışlara uyğunlaşdırılmış istiqamətlərdə tədqiqatların aparılmasına təkan verəcəyini söyləyib.
Bu gün süni intellekt, rəqəmsal texnologiyalar, “yaşıl iqtisadiyyat” kimi qlobal elmi tendensiyaların dünya alimlərinin başlıca tədqiqat mövzuları sırasında yer aldığını deyən akademik İsa Həbibbəyli Azərbaycan alimlərinin də bu istiqamətlərdə araşdırmalar apardıqlarını, layihələr həyata keçirdiklərini, dünya elmində ölkəmizin mövqeyinin qorunduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası son 3 il ərzində tarixində ilk dəfə olaraq beynəlxalq elmi qurumlara - Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasına (AASSA), Beynəlxalq Elmi Şuraya (ICSU) və Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasına (IAP) tamhüquqlu üzv seçilib, dünya elmində vacib qərarların, elmi istiqamətlərin müəyyənləşdirilməsində öz sözünü deyir.
Azərbaycan elminin ötən 80 il ərzində dünyaşöhrətli görkəmli alimlər yetişdirdiyini və mühüm nailiyyətlər əldə edərək elmi məktəblər yaratdığını deyən akademik İsa Həbibbəyli ölkəmizin elmi tarixində iz qoymuş görkəmli alimlərimizin xatirəsinin daim əziz olduğunu, onların formalaşdırdığı ənənənin bu gün milli elmi elita tərəfindən müasir çağırışlara uyğun olaraq, daha da zənginləşdirilərək davam etdirildiyini söyləyib.
“Ötən 80 il ərzində Azərbaycan Milli Elmlər Akademiyasına ümumilikdə 437 görkəmli alim həqiqi və müxbir üzv seçilmişdir. Bu alimlər arasında 1 nəfər Sovet İttifaqı Qəhrəmanı, 10 nəfər Sosialist Əməyi Qəhrəmanı, 72 nəfər SSRİ Dövlət Mükafatı laureatı və 11 nəfər müstəqil Azərbaycanın Dövlət Mükafatına layiq görülmüşdür. Ötən əsrin 1970-80-ci illəri əldə olunmuş nailiyyətlərə görə, Azərbaycan elminin intibah dövrü hesab olunur. Heç şübhəsiz, qeyd olunan intibah dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Ulu Öndər daim elmə, təhsilə və ziyalılara xüsusi diqqət, qayğı göstərmiş, nəticədə Azərbaycan elmi nailiyyətləri ilə həm respublika daxilində, həm də beynəlxalq miqyasda tanınmışdır. Ümummilli Liderin ikinci hakimiyyəti dövründə ilk görüşlərindən birini 21 sentyabr 1993-cü ildə Milli Elmlər Akademiyasında ziyalılarla keçirməsi, sözün əsl mənasında, elmimizin inkişafına yeni nəfəs verdi”, - deyə AMEA prezidenti vurğulayıb.
Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu və uğurla həyata keçirdiyi elm siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini deyən akademik İsa Həbibbəyli dövlət başçısının daim elmə, təhsilə, ədəbiyyata və ümumilikdə milli mədəniyyətimizə xüsusi diqqət və qayğı ilə yanaşdığını söyləyib. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında Prezident İlham Əliyevin müəyyən etdiyi prioritet istiqamətlərdə - işğaldan azad olunmuş ərazilərə, Qərbi Azərbaycana, Türk dünyasına, süni intellektə dair mühüm tədqiqatların aparıldığını, bu istiqamətlər araşdırmaları həyata keçirmək üçün daxili imkanlar hesabına 47 yeni şöbənin yaradıldığını diqqətə çatdırıb.
Əldə olunmuş nailiyyətlərin bugünkü sərgidə geniş nümayiş etdirildiyini deyən AMEA rəhbəri sərgidə gənclərin aktiv iştirakının elmimizin gələcəyinə olan inamın əyani göstəricisi olduğunu bildirib.
Builki Elm Günü tədbirinin, həm də Azərbaycan Yazıçılar Birliyinin sədri, fəxri qonaq, Xalq yazıçısı Anarın həyatı və yaradıcılığına həsr edildiyini deyən akademik İsa Həbibbəyli ədibin Azərbaycan ədəbiyyatında ilklər yaratdığını, şəxsiyyəti və əsərləri ilə daim diqqət mərkəzində olduğunu söyləyib. Anarın öz əsərləri ilə xalqımızı daim ləyaqətlə təmsil etdiyini, “Qobustan” kimi bir ədəbi məktəbi yaratdığını, Azərbaycan Yazıçılar Birliyinə rəhbərliyi ilə isə ədəbiyyatımıza istiqamət verdiyini deyib.
“Elm dünyəvi anlayışdır, ədəbiyyat isə milli xüsusiyyətləri təmsil edir. Ədəbiyyat milli olduqca, bəşəri xarakter alır, elm isə bəşəri olduqca milliləşir. Müstəqillik dövründə Azərbaycan yazıçıları dövrümüzün çağırışlarına cavab verərək, müstəqil dövlətin vətəndaşının düşüncəsini, qayğılarını və gələcəyə baxışını bədii şəkildə əks etdirən əsərlər ortaya qoyublar”, - deyə akademik İsa Həbibbəyli qeyd edib.
Akademik İsa Həbibbəyli çıxışının sonunda Azərbaycan elmi, Akademiyanın kollektivi və ziyalılarımız adından AMEA-ya, elmimizə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib, Azərbaycan alimlərinin bundan sonra da ölkəmizin milli maraqlarını və prioritetlərini rəhbər tutaraq tədqiqatlarını davam etdirəcəklərini söyləyib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.