Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması istiqamətində keçirilən tədbirlər çərçivəsində institutun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.ü.f.d., dosent Lamiyə Rəhimovanın “AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan XVII-XVIII əsr Osmanlı müəlliflərinin əsərlərinin əlyazma nüsxələrinin tədqiqi problemləri” mövzusunda mühazirəsi dinlənilib.
Alim mühazirəsində XVII-XVIII əsr Azərbaycan-Osmanlı ədəbi əlaqələrinin əlyazma qaynaqları və nəşri problemlərindən, Əlyazmalar İnstitutunda qorunan Osmanlı şairlərin, o cümlədən Türkiyə kitabxanalarında qorunan azərbaycanlı müəlliflərin əsərlərindən bəhs edib, hazırladığı videoslayd vasitəsilə bu əsərlərin əlyazma nüsxələrindən nümunələr göstərib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.
Seminarda Əlyazmalar İnstitutunun doktorant və dissertantları ilə yanaşı, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Odlar Yurdu və Bakı Avrasiya universitetlərinin tələbələri də iştirak edib.
Qeyd edək ki, doktorant və dissertantların müvafiq fənlər üzrə ixtisas səviyyələrinin artırılması və gücləndirilməsi məqsədilə təşkil olunmuş bu kimi seminarlar institutun Təhsil şöbəsi tərəfindən həyata keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.