Fevralın 24-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Əvvəlcə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən bu elmi müəssisənin direktoru v.i.e., AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu Xocalı faciəsinin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib. Qeyd edib ki, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymətini alması məsələsi dövlət siyasətinin mühüm istiqamətini təşkil edir.
Tədbirdə professorlar Sayalı Sadıqova, İsmayıl Məmmədli, Qara Məşədiyev, filologiya üzrə elmlər doktoru İlhami Cəfərov və başqaları çıxış edərək Xocalı soyqırımının ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində dəhşətli bir vəhşilik aktı olduğunu bildiriblər.
Qeyd edilib ki, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı qətliamının dünyada tanıdılması ilə bağlı son illər aparılan məqsədyönlü və geniş fəaliyyət nəticəsində artıq dünyada bu soyqırımı barədə obyektiv fikir və dürüst mövqe formalaşıb. Ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcəyinə, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacaqlarına, işğal altındakı bütün ərazilərimizin yağı düşməndən tezliklə azad ediləcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.