Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.05.2025 09:57
  • A-
  • A
  • A+

Akademik Teymur Kərimli Tacikistanda Azərbaycan Ədəbiyyatı Guşəsinin açılışında iştirak edib

Akademik Teymur Kərimli Tacikistanda Azərbaycan Ədəbiyyatı Guşəsinin açılışında iştirak edib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli Tacikistan Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Guşəsinin açılış mərasimində iştirak edib.

Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində keçirilmiş tədbirdə alim “Nizami Gəncəvi və Əbdürrəhman Cami” mövzusunda məruzə edib, çıxışında Şərqin iki böyük dühası, Azərbaycan və tacik-fars ədəbiyyatının görkəmli nümayəndələri olan Nizami Gəncəvi və Əbdürrəhman Caminin ədəbi irsindən, onların poetik üslubu və yaradıcılıq məziyyətlərindən söz açıb. Bildirib ki, əsərlərində insanpərvərliyi, humanizm və səxavəti tərənnüm edən bu iki ustad hər zaman ədaləti, mərhəməti və düzlüyü üstün tutmuş, onların sülh və tərəqqiyə çağıran qiymətli mirası isə bəşəriyyət üçün zəngin həyat məktəbinə çevrilmişdir.

Tədbirdə, həmçinin Azərbaycanın mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Tacikistan Milli Kitabxanasının direktoru Farzalizada Cumaxon, eləcə də hər iki ölkənin elmi-ictimai xadimləri və media nümayəndələri iştirak edib, Azərbaycan Ədəbiyyatı Guşəsinin xaricdə yaşayan azərbaycanlıların, o cümlədən yerli vətəndaşların ölkənin görkəmli ədəbi-ictimai xadimlərinin əsərləri ilə daha yaxından tanış olması üçün fürsət yaratdığını vurğulayıblar.

Qeyd edək ki, guşədə oxuculara 250-dən çox nəşr təqdim edilib. Burada Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və müasir inkişafına dair nəşrlər yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: