Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə 1 iyun 2025-ci il tarixində Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr” mövzusunda konfrans keçirilmişdir.
Konfrans çərçivəsində AMEA-nın bir sıra alimlərinin müxtəlif elmi istiqamətlər üzrə Qarabağ Universitetinin tələbələri üçün xüsusi mühazirələri təşkil edilmişdir. AMEA Rəyasət Heyəti Aparatının Elm və Təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri tələbələrə “Məhəmməd Füzuli poeziyasında poetik və metafizik semantika” mövzusunda mühazirə demişdir. S.Xavəri Məhəmməd Füzuli poeziyasına məxsus konkret nümunələri metodoloji olaraq semiotik mətn analizi əsasında təhlil edərək şairin əsərlərində poetik və metafizik semantika səviyyələrinin birgə mövcudluğundan, təsəvvüfi simvollar vasitəsilə ikili mətn strukturunun təşkili mexanizmlərindən, M.Füzuli poeziyasının bədii, fəlsəfi, mistik və poetik özəlliklərindən bəhs etmişdir.
Mühazirədən sonra mövzu üzrə tələbələrin sualları cavablandırılmış, müzakirələr aparılmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.