Bu gün AMEA Rəyasət Heyətində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının iclası keçirildi.
Tədbiri giriş sözü ilə AMEA prezidenti, akademik Akif Əlizadə açaraq iclasın Terminologiya Komissiyasının gələcək inkişafının müəyyənləşdirilməsi məsələsinə həsr olunduğunu diqqətə çatdırdı. Son zamanlar terminologiyanın inkişafına dair həyata keçirilən tədbirləri, nəşr olunan kitabları yüksək qiymətləndirən alim bu sahədə informasiya-kommunikasiya texnologiyalarının tədbiqinin zəruri olduğunu qeyd etdi.
AMEA prezidenti ulu öndər Heydər Əliyevin “Dövlət dili işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərmanını xatırladaraq bu sənədin dövlət dilimizin inkişaf istiqamətlərini müəyyənləşdirdiyini vurğuladı. Həmçinin ölkə Prezidenti İlham Əliyevin 2012-ci ildə imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət proqramı”ndan söz açaraq bu kimi qərarların alimlər qarşısında mühüm vəzifələr qoyduğunu dilə gətirdi. Qeyd etdi ki, bugünkü iclasın əsas hədəflərindən biri də komissiyanın fəaliyyətinin gücləndirilməsi yönündə konkret təkliflərin irəli sürülməsidir.
Sonra Komissiyanın sədr müavini, professor Sayalı Sadıqova Terminologiya Komissiyasının illik hesabatını təqdim etdi. Müstəqillik illərində dövlət dilinə böyük diqqət və qayğı göstərildiyini bildirən məruzəçi ana dilinin inkişafı istiqamətində imzalanan fərman və sərəncamların böyük əhəmiyyət daşıdığını vurğuladı. “Son zamanlar İnternetin cəmiyyətin bütün həyatına nüfuz etməsi, insanların müxtəlif bilik sahələrinə aid məlumatları xarici dillərdən birbaşa qəbul etməsinin sürətlənməsi nəticəsində ölkədə terminoloji mühiti nəzarətdə saxlamaq çətinləşmişdir” deyə bildirən S.Sadıqova belə şəraitdə dilin terminoloji bazasının yad təsirlərdən qorunması, inkişaf etdirilməsi və yeni terminlərin yaradılmasının mühüm vəzifələrdən olduğunu nəzərə çatdırdı.
AMEA prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə AR Nazirlər Kabinetinin yanında Terminologiya Komissiyasının dövrün tələbləri nəzərə alınaraq yenidən təşkil olunduğunu bildirən S.Sadıqova Komissiyanın yeni bölmələrinin tərkibinin təsdiq edildiyini, elmin müxtəlif sahələri ilə bağlı 16 bölmənin yaradıldığını bildirdi.
Sonra S.Sadıqova yeni terminologiya.org saytı haqqında danışdı. Onun sözlərinə görə, Azərbaycan terminologiyası ilə bağlı saytın yaradılmasında əsas məqsəd dilimizdə olan mövcud terminoloji lüğətləri ilk dəfə olaraq vahid mərkəzə toplamaq, elm və texnikanın müxtəlif sahələrində çalışanlara terminlərin izahını və müxtəlif dillərdə qarşılığının asanlıqla əldə etməyə yardımçı olmaqdır. Burada komissiyanın əsasnaməsinin, keçirdiyi hesabatların, o cümlədən terminologiya sahəsində nəşr olunan kitablar və lüğətlər barədə məlumatların yer aldığını diqqətə çatdırdı.
İclasda, həmçinin “Hava nəqliyyatında kommersiya terminlərinin izahlı lüğəti”, “Geokimya terminlərinin izahlı lüğəti” və digər nəşrlərlə bağlı müzakirələr aparıldı.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, professor Buludxan Xəlilov və digərləri hesabata dair suallarla çıxış etdilər, təkliflər səsləndirdilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.