“Mən sizə, əziz zabitlər, əsgərlər, məhz sizə arxalanıram, sizə güvənirəm və əminəm ki, siz də sizin kimi minlərlə Azərbaycan əsgəri, zabiti və bir nəfər tək ayağa qalxıb Azərbaycanın ərazi bütövlüyünü müdafiə edəcəklər. İnanıram ki, siz gedib cəbhədəki qəhrəman döyüşçülərimizin sıralarına qoşulacaq, işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üçün hünər, qəhrəmanlıq göstərəcəksiniz”.
Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyev
Sözü imzası qədər keçərli olan Ali Baş Komandan İlham Əliyev “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”, - söyləyərək əsl sərkərdə məharətini dünyaya nümayiş etdirdi. Bu gün 107-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan Silahlı Qüvvələri döyüş tapşırığını yerinə yetirməyə qadir olduğunu bütün dünyaya sübut etdi. Hazırda Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Azərbaycan ordusunun nailiyyətləri İlham Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir.
Ulu Öndər Heydər Əliyev ölkəmizdə müstəqil dövlətçiliyin qurulması və möhkəmləndirilməsi, insanların, xüsusilə, gənc nəslin yüksək ideyalarla yaşayan vətəndaşlar kimi formalaşması istiqamətində böyük işlər görmüşdür. Bu işlər sayəsində gənclərin səfərbəredici gücü, imkanları daim artmış, hərtərəfli inkişafa səbəb olmuşdur. Təsadüfi deyildir ki, milyonlarla insan onun ideyalarının daim yaşaması naminə çalışır, istiqamətlərini buna uyğun olaraq müəyyənləşdirir. Heydər Əliyevin dövlətçilik təcrübəsi və mənəvi irsi, həqiqətən, tükənməz bir xəzinədir. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla isə ölkəmizdə 26 İyun Silahlı Qüvvələr Günü elan olunmuşdur.
1998-ci il iyunun 25-də Azərbaycan ordusunun yaradılmasının 80 illik yubiley mərasimində Ulu Öndər Heydər Əliyev demişdir: “Biz 26 iyun gününü bayram elan etmişik. Bu, tam əsaslıdır, məqsədəuyğun, qanunauyğundur. Çünki 80 il öncə məhz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin - ölkəmizin müstəqilliyini elan edən Xalq Cümhuriyyətinin, müstəqil Azərbaycanı qurub-yaradan, hələ Gəncədə fəaliyyət göstərən hökumətin ilk addımlarından biri Azərbaycan Milli Ordusunun yaranması haqqında verdiyi qərar olmuşdur. Həmin qərara, addıma böyük hörmət əlaməti olaraq biz 26 İyun gününü Azərbaycan Silahlı Qüvvələri, Ordusu günü elan etmişik”.
Tarixi prosesləri araşdırdıqca bir daha aydın olur ki, Heydər Əliyevin 1993-cü ilin 15 iyununda Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı bizi milli müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Həqiqi müstəqillik mərhələsində Heydər Əliyev hərbi sahəni daim diqqətdə saxlayırdı.
Dahi lider Heydər Əliyev müstəqilliyimizi gücləndirmək səylərinin fəal təşkilatçısı olaraq tez-tez cəbhə bölgələrinə gedir, döyüşən ordunun şəxsi heyəti ilə söhbətlər aparır, başlıca problemlərin müəyyənləşdirilməsi və aradan qaldırılması istiqamətində tədbirlər görürdü. Azərbaycan Respublikasının hərbi sahədə milli təhlükəsizliyinin təmin olunması Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş real və potensial təhdidlərdən müdafiə sahəsində tədbirlər kompleksinin həyata keçirilməsi və milli maraqların hərbi və digər vasitələrlə qorunması qabiliyyətinin təmin edilməsidir.
Azərbaycan Respublikası hərbi sahədə daha da güclənməsi ilə tarixə düşdü və bunun bariz nümunəsi torpaqlarımızın işğaldan azad edilməsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sarsılmaz iradəsi, qətiyyəti nəticəsində 44 günlük Vətən müharibəsi Böyük Qələbə ilə başa çatdı. Müasir tariximizdə bir çox ilklərin müəllifi kimi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu savaşda da yeni texnologiyaların tətbiq edilməsi ilə müasir hərbi dərsliklərə düşəcək daha bir ilkə imza atdı və noyabrın 8-də mədəniyyət paytaxtımız Şuşa işğaldan azad edildi.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Dövlət başçısı demişdir: “Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir “dəmir yumruq” yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim “dəmir yumruğ”umuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu “dəmir yumruq” düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın “dəmir yumruğ”u onların belini qıracaq. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq”.
Prezident İlham Əliyev ölkə iqtisadiyyatını inkişaf etdirərək, 30 il ərzində düşmən tərəfindən dağıdılmış Qarabağ torpaqlarını yenidən dirçəldərək, Azərbaycanı yeni zirvələrə doğru aparmaqdadır.
Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.