AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun “Könüllülük proqramı” çərçivəsində fərqlənmiş gəncləri üçün mükafatlandırma mərasimi keçirilib.
Tədbirin moderatoru Arxeologiya və Antropologiya İnstitutunun Elmi katibi t.ü.f.d., dosent Ellada Bəkirova giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb. “İnstitutun yaratdığı könüllülük proqramında artıq 7 ali və 2 orta təhsil müəssisəsindən olan gənclər iştirak edirlər. Bu isə, təşəbbüsümüzün aktuallığının göstəricisidir. Proqram çərçivəsində gənclərimiz institutun muzey sərgi zalında təcrübə keçmiş, müxtəlif elmi mövzular üzrə alimlərin elmi məruzələrini dinləmiş, akademik təlimlərə, elmi-praktiki ustad dərslərinə cəlb edilmişlər”, - deyə E.Bəkirova vurğulayıb.
Sonra Arxeologiya və Antropologiya İnstitutunun direktoru t.ü.f.d., dosent Fərhad Quliyev çıxış edərək bildirib ki, institut tərəfindən həyata keçirilən könüllülük proqramı bir tərəfdən gənclərin Azərbaycan tarixinə, ümumilikdə elmə olan marağının stimullaşdırılmasına, elmi biliklərinin artırılmasına, maariflənməsinə, peşə seçiminə istiqamətlənib, digər tərəfdən gənclərimizin sosiallaşmasına, cəmiyyət üçün pozitiv fəaliyyət istiqamətlərində kollektiv əmək təcrübəsinin artırılmasına və təşkilatçılığına yönəlmişdir.
Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə rəhbəri Əlövsət Əmirbəyli çıxışında arxeologiya və antropologiya elmlərinin xalqımızın tarixinin öyrənilməsində önəmindən söz açıb, könüllülük proqramının gerçəkləşməsində bütün əlaqədar təşkilatlara və ilk növbədə AMEA Arxeologiya və Antropologiya İnstitutuna uğurlar arzulayıb.
Könüllülük proqramının rəhbəri AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri Orxan Zamanov çıxışında könüllülük proqramı çərçivəsində görülmüş işlərdən, könüllülərin qatıldığı elmi seminarlardan, elmi tədqiqatlarla bağlı təcrübə mübadiləsindən, keçirilmiş ictimai tədbirlərdən söz açıb. Eyni zamanda O.Zamanov könüllülər qarşısında duran yeni fəaliyyət istiqamətlərinə də toxunub.
Daha sonra tədbir iştirakçılarına proqram çərçivəsində son dörd ay ərzində, yəni, proqramın yaz dövrü üzrə könüllülərin iştirakçısı olduğu tədbirləri işıqlandıran video-çarx nümayiş etdirilib.
Arxeologiya və Antropologiya İnstitutunun direktoru, t.ü.f.d., dosent Fərhad Quliyev “Könüllülük təcrübəsi proqramının yaz dövrü” üzrə iştirakçısı olan Bakı Dövlət Universitetini, Xəzər Universitetini, Azərbaycan Dillər Universitetini, Azərbaycan Rəssamlıq Akademiyasını, Azərbaycan Turizm və Menecment Universitetini, Sumqayıt Dövlət Universitetini, Azərbaycan İlahiyyat İnstitutunu, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyini və 193 saylı orta məktəbi təmsil edən gənclərə sertifikat və hədiyyələr təqdim edib. Fəaliyyəti ilə xüsusi fərqlənmiş könüllülər - Könül İbrahimli, Zalikə Bəybalayeva (Xəzər Universiteti), Gülnarə Əsədullayeva (Azərbaycan İlahiyyat İnstitutu), Nəzrin Vəliyeva (Bakı Dövlət Universiteti), Mələk Kərimova (Sumqayıt Dövlət Universiteti) - diplomlarla mükafatlandırılıblar.
Sumqayıt Dövlət Universitetininin Tarix və coğrafiya fakültəsinin tələbəsi Mələk Kərimova çıxış edərək proqram çərçivəsində könüllülərin əldə etdiyi bilik və təcrübədən söz açıb. M.Kərimova könüllülük təcrübəsi proqramının təşkilatçısı olan AMEA Arxeologiya və Antropologiya İnstitutuna, həmçinin, təşəbbüsə dəstək vermiş bütün elmi-pedoqoji müəssisələrə minnətdarlığını bildirib.
Qeyd edək ki, 2025-ci ilin yanvarın 31-də AMEA Arxeologiya və Antropologiya İnstitutunun İçərişəhərdə yerləşən Muzey-sərgi zalında tətbiqi hədəflənən elmi-praktik təcrübə və onunla bağlı ilk “Könüllülük proqramı” elan olunub. 2025-ci ilin 27 fevralında “İçərişəhər” Muzey Mərkəzinin dəstəyi ilə qeyd edilən elanın məzmununa uyğun “Könüllülük proqramı”nın mətbuata rəsmi açılışı oldu. Muzey işi sahəsində praktiki və nəzəri biliklərə yiyələnməyi hədəfləyən, gələcəkdə özünü bu sahədə inkişaf etdirmək istəyən, arxeologiyaya və tarixi artefaktlarla işləməyə marağı olan gənclər elan olunmuş müsabiqəyə xüsusi hazırlanmış forma üzərindən müraciət etmişdilər və qəbul olunmuş 150-yə yaxın müraciət arasından akademik münsiflər heyəti tərəfindən 60 gənc təlimlərə cəlb olunmuşdur.
Təlimlər AMEA Arxeologiya və Antropologiya İnstitutunun yüksəkixtisaslı, peşəkar mütəxəssiləri tərəfindən və eləcə də ETN Radiasiya Problemləri İnstitutunun, Azərbaycan Milli Tarix Muzeyinin, Xəzər Universitetinin və müstəqil ekspertlərinin iştirakı ilə xüsusi seçilmiş mövzular əsasında həyata keçirilib. Bu mövzulara akademik arxeologiyanın problemləri ilə fənnlərarası, interaktiv, praktik səpgidə muzey işi və turizm bələdçiliyi ilə bağlı istiqamətlər də daxil edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.