Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda (GGİ) Elmi şuranın növbəti iclası keçirilib.
Tədbir elmi dövri nəşrlərin beynəlxalq elmi-texniki informasiya sistemlərində təmsil olunması haqqında məruzə ilə başlayıb.
İnstitutun baş direktoru akademik Akif Əlizadə müəssisənin fəaliyyətində elmi nəşrlərin daim diqqətdə olduğunu, bunların alimlərin uğurlu fəaliyyətlərinin mütəmadi əks olunduğu platforma rolunu oynadığını və elmi nailiyyət meyarı kimi qəbul edildiyini diqqətə çatdırdıqdan sonra beynəlxalq elmi-texniki informasiya sistemlərində GGİ-nin iştirakının araşdırılması mövzusunda məruzə üçün sözü y.e.ü.e.d. Qulam Babayevə verib.
Q.Babayev SCImago-ya (SJR) daxil olan Azərbaycan jurnalları arasında “ANAS Transactions. Earth Sciences”in yeri, redaksiya heyəti, MDB ölkələri və Türkiyə üzrə 2022-2024-cü illər üzrə dərc olunmuş məqalələrin sayında Azərbaycanın payını, müəlliflərin material dərcinə görə qazandıqları balları və digər mühüm göstəriciləri diaqram və cədvəllərlə nümayiş etdirib. Bildirib ki, 2020-ci ilin aprel ayından Scopus Elsevier beynəlxalq bazaya daxildir.
Məruzəçi diqqətə çatdırıb ki, riyaziyyat və tətbiqi sahələrdəki ANAS jurnalları ilə elmi əməkdaşalıq platformaları multidissiplinar istiqamətlərdə inkişaf etdirilməlidir. O, həmçinin jurnalın daha da təkmilləşdirilmiş səviyyəsinə nail olmaq üçün təkliflərini səsləndirib. Eyni zamanda təəssüflə bildirib ki, SCImago-ya (SJR) daxil olan Azərbaycan jurnalları arasında “ANAS Transactions. Earth Sciences”in yeri naməlum səbəblərdən aşağı sıralarda göstərilib. “Milli H-indeks Reytinqi” dünya elmi ictimaiyyəti tərəfindən nüfuzlu və etibarlı istinad mənbəti kimi istifadə olunmur. Onun məlumat bazası qeyri-dəqiq və natamamdır.
Elmi şura üzvlərinin Q.Babayevin məruzəsi ətrafında etdikləri çıxışlarda “Milli H-indeks Reytinqi” ilə bağlı araşdırmalara və dəqiqləşdirilmələrə ehtiyac olduğu qənaətinə gəlinib.
İclasda sonra elmi-təşkilati məsələlərə baxılıb, ETİ-lərin yerinə yetirilməsinin gedişatı haqqında hesabatlar təqdim olunub. “Şərqi Paratetisin Oliqosen-Miosendə paleocoğrafi şəraiti və qəziyyələr stratiqrafiyası (2023–2025)” haqqında y.e.f.d. Ş.Bayramovanın, “Dünya müalicəvi neftlərinin geokimyəvi xüsusiyyətlərinin müqayisəli təhlili (biomarkerlər və adamantoidlər)” haqqında f.-r.e.d. Qalina Martınovanın, “1970-2020-ci illərdə Azərbaycanın geoloji öyrənilməsi. II hissə (1981-2020)” mövzusunda g.-m.e.n. Şahvələd Köçərlinin, “Şimali Qafqaz və Mərkəzi İran mikroplitələrinin kolliziya bağlanma vilayətində Paleozoy (Devon-Perm) və Mezozoy (Trias-Yura) təkamül proseslərinin geodinamik modelləri (palinspastik yenidənqurmalar. (2024–2026)” mövzusunda AMEA-nın müxbir üzvü Tələt Kəngərlinin məruzələri dinlənilib.
İclasın sonunda Neft-qaz hövzələrinin litogenezi şöbəsinin rəhbəri AMEA-nın müxbir üzvü Elmira Əliyevanın və Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri y.e.ü.e.d. Qulam Babayevin müvafiq ixtisaslar üzrə professor elmi adına təqdim olunması məsələsinə baxılıb. Təşkil edilən hesablama komissiyası gizli səsvermənin nəticələrinə əsaslanaraq irəli sürülmüş alimlərin namizədliyini təsdiq edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.