AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli ərəbşünas, uzun illər institutun Ərəb filologiyası şöbəsinə rəhbərlik etmiş filologiya elmləri doktoru, professor Vilayət Cəfərovun 85 illik yubileyi və alimə həsr olunmuş “Professor Vilayət Cəfərov. Ömür yolu, elmi irsi, yaddaşlarda qalan izi” adlı kitabın təqdimatı olub.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva açaraq, Vilayət Cəfərovun şərqşünaslıq sahəsində böyük xidmətlərindən danışıb. Alimin ərəbşünaslığın inkişafında müstəsna rolu olduğunu deyən akademik Gövhər Baxşəliyeva, onun elmi kadrların hazırlanmasında da fəal olduğunu qeyd edib. Akademik Gövhər Baxşəliyeva professor Vilayət Cəfərovun uzun illər institutun Ərəb filologiyası şöbəsinin müdiri olduğunu bildirib, müdafiə şurasında fəaliyyətini, elcə də seminarlarda sədrliyini xüsusi vurğulayıb.
Gövhər xanım təqdim edilən kitab barədə də danışaraq, “Professor Vilayət Cəfərov. Ömür yolu, elmi irsi, yaddaşlarda qalan izi” kitabının alimin zəngin elmi fəaliyyəti barədə ətraflı məlumat verdiyini, elmi ictimaiyyətdə necə yüksək dəyərləndirildiyinin göstəricisi olduğunu bildirib.
Tədbirdə iştirak edən görkəmli alim professor Qəzənfər Paşayev Vilayət Cəfərovun elmi fəaliyyətinin dəyərindən, tədqiqatlarında ərəb filologiyasının dərin məsələlərini araşdırmasından və alimin yüksək insani keyfiyyətlərindən danışıb. Professor Qəzənfər Paşayev Vilayət Cəfərov kimi alimlərin yeni nəslə bir örnək olduğunu qeyd edib.
Professor İmamverdi Həmidov tədbirdə çıxış edərək Vilayət Cəfərovla birgə keçmiş tələbəlik illərini xatırlayıb. Vilayət Cəfərovun ərəb filologiyası sahəsində zəngin elmi irsə malik olduğunu deyən professor İmamverdi Həmidov onun rəhbərlik etdiyi çoxsaylı dissertanların bu gün ərəbşünaslıq elminin inkişafına xidmət etdiklərini vurğulayıb.
Professor Mehdi Kazımov Vilayət Cəfərovun müasir İraq ədəbiyyatında gedən proseslərə Qərb ədəbiyyatının təsirini araşdırdığını deyərək, onun fikirləri ilə İraq alimlərinin həmişə hesablaşdığını bildirib.
Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Ruhəngiz Cümşüdlü professor Vilayət Cəfərovun Şərqşünaslıq məktəbində öz izini qoyan alimlərdən olduğunu deyib.
Tədbirdə həmçinin dosent Laura Orucova, dosent Xumar Ələkbərova, dosent Əsmətxanım Məmmədova və dosent Teymur Sadıqov çıxış edərək professor Vilayət Cəfərovun ərəbşünaslıq sahəsində böyük xidmətlərini, ərəb ölkələrinin elmi mühitində böyük nüfuzunun olduğunu eləcə də yüksək insani keyfiyyətlərini qeyd ediblər.
Sonda professor Vilayət Cəfərovun qızı - Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin müdiri dosent Günay Verdiyeva tədbir iştirakçılarına öz dərin təşəkkürlərini çatdırıb.
Qeyd edək ki, tədbirdə təqdim edilən kitabın tərtibçisi dosent Günay Verdiyevadır. Kitabda alimin zəngin elmi fəaliyyəti, ədəbiyyatşünaslıq sahəsindəki tədqiqatları, tərcümə əsərləri və elmi məqalələri sistemli şəkildə təqdim olunur. Nəşrdə, həmçinin Vilayət Cəfərovun indiyədək işıq üzü görməyən əsərləri ilk dəfə olaraq elmi ictimaiyyətə təqdim edilir. Kitabda V.Cəfərovun həmkarlarının xatirələrinə də yer verilib.
Birinci fəsildə Vilayət Cəfərovun həyat yolunu izləmək, bioqrafiyası ilə tanış olmaq olar. Vilayət Cəfərovun elmi və ədəbi fəaliyyətinə həsr olunmuş ikinci fəsildə alimin elmi əsərləri və tərcümə kitabları haqqında ətraflı məlumat əldə etmək, görkəmli şərqşünas alim professor Aida İmanquliyeva irsinin tədqiqində rolunu izləmək, Vilayət Cəfərov elmi məktəbinin davamçları, onun rəhbərliyi altında müdafiə etmiş alimlər haqqında məlumat almaq, əsərlərinin biblioqrafiyası ilə tanış olmaq, eləcə də qələmə aldığı şeirlərini oxumaq mümkündür. Üçüncü fəsildə alimin indiyədək işıq üzü görməyən məqalələri təqdim edilir. Kitabın dördüncü fəslində professor Vilayət Cəfərovla bağlı xatirələr diqqətə çatdırılır. Burada professor İmamverdi Həmidovun, millət vəkili Arzu Nağıyevin, professor Qəzənfər Paşayevin, professor Mehdi Kazımovun və başqalarının görkəmli ərəbşünas alimlə bağlı xatirələri yer alır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.