Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 3 fevral 2025-ci il tarixli Sərəncamının müddəalarına uyğun olaraq, AMEA-nın Gəncə Bölməsində dahi bəstəkarın yaradıcılığına həsr olunmuş tədbirlərə dair hazırlanmış plan əsasında “Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəllərinə bəstələnmiş romansları” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masa Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Tədbirin aparıcısı AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” ölkə başçısının Sərəncamını tariximizdə və mədəniyyətimizdə xidmətləri olan şəxsiyyətlərin irsinə böyük diqqətin nümunəsi kimi dəyərləndirib. O, dəyirmi masa iştirakçılarına Bölmənin sədri, akademik Fuad Əliyevin salamlarını çatdırıb.
Tədbirin məruzələrinin dinlənilməsi zamanı Ə.Muxtarov, həmçinin “Nizami Gəncəvinin musiqi dünyasının Üzeyir Hacıbəyli yaradıcılığında təcəssümü” mövzusu üzrə məruzə edib. Bölmənin Diyarşünaslıq İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Samirə Qasımova “Görkəmli bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan xalqının milli oyanış və milli özünədərk tarixində xidmətləri”, GDU-nun nəzdində Regional Kollecin müəllimlərindən - bəstəkar, Respublikanın əməkdar artisti Məmməd Cəfərov “Üzeyir Hacıbəyli Ensiklopediyası” və musiqişünas Gülər Hüseynova “Üzeyir Hacıbəyli yaradıcılığında romans-qəzəl janrı” mövzuları üzrə çıxış ediblər.
İştirakçılar məruzələr ətrafında, həmçinin maraqlandıqları məsələlər barədə fikirlərini bölüşüblər.
Dəyirmi masanın musiqili qonaqları - Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin müəllimi Vüsal Namazov (tar), eləcə də tələbələrdən Nurlan Hüseynzadə (kaman) və Azər Verdiyev (xanəndə) öz ifaları ilə tədbirə xüsusi ovqat bəxş ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.