AMEA-nın Folklor İnstitutunun 2025-ci ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair yarımillik hesabatına həsr olunmuş Elmi şura iclası keçirilib.
İclasda Elmi şura üzvləri ilə yanaşı, AMEA Rəyasət Heyətindən qonaqlar da iştirak ediblər.
İclası giriş sözü ilə institutun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev açaraq son dövrlər Azərbaycan Milli Elmlər Akademiyasında həyata keçirilən kompleks islahatlar barədə geniş məlumat verib. O, xüsusilə humanitar və ictimai elmlər sahəsində ölkənin milli maraqlarına və qlobal çağırışlara uyğun şəkildə aparılan institusional dəyişikliklərin əhəmiyyətini vurğulayıb. H.Quliyev, həmçinin AMEA Rəyasət Heyətinin Xankəndi şəhərində keçirilmiş iclasında qəbul edilmiş qərarlar, o cümlədən Folklor İnstitutunun qarşısında müəyyənləşdirilmiş vəzifələr və tapşırıqlar barədə də iştirakçıları məlumatlandırıb. Alim qeyd edib ki, qəbul olunmuş qərarlara əsasən, AMEA-da humanitar və ictimai elmlər sahəsində aparılan tədqiqatlar daha dərin elmi inteqrasiya prinsipləri əsasında həyata keçiriləcəkdir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan kompleks tədqiqatlarda arxeoloqlar, tarixçilər, dilçilər və folklorşünasların birgə fəaliyyəti, tədqiqatların interdisiplinar yanaşma və təcrübə mübadiləsi əsasında təşkili prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
Sonra institutun elmi katibi, dosent Elçin Abbasov elmi müəssisənin 2025-ci ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyəti barədə hesabatını iclas iştirakçılarının diqqətinə çatdırıb. Hesabat Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarları və Dövlət proqramlarının icrası, elmi-tədqiqat planları, beynəlxalq elmi əməkdaşlıq, AMEA-nın müvafiq qərar və sərəncamlarının icrası, elektron elmin vəziyyəti, kadr hazırlığı, sosial fəaliyyət, nəşrlər, təltif və mükafatlarla bağlı məsələləri əhatə edib.
Qeyd edilib ki, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Milli dövlətçilik və folklor” mövzusunda respublika elmi konfransı keçirilib.
Cari ildə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamının icrası ilə bağlı AMEA Folklor İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illiyinə həsr olunmuş “ATTC-dən AMEA-ya uzanan yolun yolçuları: Azərbaycan folklorşünasları”, eləcə də Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2025-ci il tarixli Sərəncamı ilə əlaqədar “Seyid Əzim Şirvani: folklorik düşüncə və klassik bədii interpretasiya” mövzularında elmi sessiyalar təşkil olunub.
AMEA Rəyasət Heyəti 21 oktyabr 2024-cü il tarixində “AMEA-nın Folklor İnstitutunda struktur islahatlarının aparılması haqqında” qərar qəbul edib və bu qərardan irəli gələrək institutda qısa müddət ərzində zəruri struktur islahatları aparılıb. Aparılan struktur isalahatları nəticəsində institutun elmi və elmi-texniki şöbələrinin optimallaşdırılması və fəaliyyət istiqamətlərinin bir-biri ilə əlaqələndirilməsi təşkil olunub.
Hesabatda bildirilib ki, 2025-ci ildə Folklor İnstitutunda “Azərbaycan xalq yaradıcılığının qaynaqları, təşəkkülü, inkişaf qanunauyğunluqları və əlaqələri” istiqamətində 4 problem, 9 mövzu, 63 iş əsasında tədqiqatlar aparılıb. Ümumilikdə yarımil ərzində 2-si xaricdə olmaqla 15 kitab və monoqrafiya nəşr olunub.
2025-ci ilin I yarısı ərzində institutda 1 elmlər doktoru və 3 fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya müdafiə edilib. İnstitut Elmi şurası 3 nəfərə ixtisas üzrə dosent elmi adının verilməsi barədə AAK qarşısında vəsatət qaldırıb.
İnstitut əməkdaşlarından 2 nəfər elmlər doktoru elmi dərəcəsinə layiq görülüb.
Dosent Elçin Abbasov 2025-ci ilin birinci yarısında Folklor İnstitutunun təşkilatçılığı və ya həmtəşkilatçılığı ilə 1 beynəlxalq simpozium, 1 beynəlxalq konfrans, 1 respublika səviyyəli konfrans, 2 elmi seminar, 3 elmi sessiya, 3 anım tədbiri, 1 təqdimat mərasimi, 2 elmi-kütləvi tədbirin keçirildiyini diqqətə çatdırıb.
Hesabatda institut əməkdaşlarının elmin populyarlaşdırılması istiqamətində fəaliyyətindən və elmmetrik bazalardakı göstəricilərindən də bəhs olunub. Scopus və Web of Science bazalarında institutun 17 əməkdaşının təmsil olunduğu vurğulanıb. Qeyd olunub ki, cari ilin ilk 6 ayı ərzində “Dədə Qorqud” jurnalının 2025-ci il I sayı DOİ indeksi ilə təmin edilib.
Daha sonra iclasda iştirak edən AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri, Humanitar Elmlər Bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlı və AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya elmləri doktoru Səfa Qarayev çıxış edərək Folklor İnstitutunun 2025-ci il üzrə yarımillik elmi və elmi-təşkilati fəaliyyəti barədə hesabatını yüksək dəyərləndiriblər. Çıxışlarda qeyd olunub ki, böyük intellektual potensiala malik olan Folklor İnstitutunda həm ölkəmizdə həyata keçirilən dövlət siyasətinə, həm də son dövrlərdə AMEA-da aparılan islahatlara müvafiq olaraq mühüm işlər görülmüş, istər nəzəri-metodoloji, istərsə də tətbiqi istiqamətdə bir sıra nailiyyətlər əldə olunmuşdur. İnstitutun 2025-ci il üzrə yarımillik elmi və elmi-təşkilati fəaliyyəti barədə hesabatı geniş müzakirə edildikdən sonra qənaətbəxş sayılması barədə yekdilliklə qərar qəbul olunub.
Elmi şuranın iclasında eyni zamanda gündəlikdə olan digər məsələlər, o cümlədən folklorun sahədən toplanılması və sistemləşdirilməsi ilə bağlı görülən işlərin keyfiyyətinin yüksəldilməsi, elmi müəssisədə aparılan nəzəri və tətbiqi tədqiqatların geniş müzakirəsinin təşkili üçün İntellektual dialoq platformasının yaradılması barədə qərar qəbul olunub. Qeyd olunub ki, prioritet elmi istiqamətlər üzrə əldə olunan nəticələrin daha geniş platformalarda həm təcrübəli alimlər, həm də gənc tədqiqatçıların iştirakı ilə müzakirəsi, nüfuzlu beynəlxalq jurnallarda nəşrlərin sayının artırılması qarşıda duran mühüm məsələlərdir.
İclasda həmçinin Folklor İnstitutunun bəzi əməkdaşları elmi və elmi-təşkilati fəaliyyət sahəsində səmərəli xidmətlərinə görə Fəxri fərman və təşəkkürnamə ilə təltif ediliblər. İnstitutun ümumi işlər üzrə direktor müavini Abuzər Gülməmmədova səmərəli fəaliyyətinə görə və 50 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının Fəxri fərmanı, aparıcı elmi işçilər - fil.ü.f.d., dos. Rza Xəlilova, fil.ü.f.d., dos. Fidan Qasımovaya və elmi işçi Mahir Cavadova isə institutun təşəkkürnaməsi təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.