Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.07.2025 11:56
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda Mərziyə Paşayevanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Əlyazmalar İnstitutunda Mərziyə Paşayevanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmalarının tədqiqi şöbəsinin təşkilatçılığı ilə institutumuzun sabiq əməkdaşı, görkəmli ədəbiyyatşünas tədqiqatçı Mərziyə Paşayevanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə institutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tədqiqi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov açıb, çıxışında uzun illər Əlyazmalar İnstitutu ilə elmi əməkdaşlıq etmiş Mərziyə Paşayevanın Azərbaycan ədəbi irsi, klassik poeziya və əlyazmaların tədqiqi sahəsində gördüyü mühüm işlərdən bəhs edib.

Giriş nitqindən sonra çıxış üçün söz məruzəçilərə verilib.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi nəşrlər və proqnozlaşdırma şöbəsinin baş mütəxəssisi Maral Poladova və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi Jalə Rüstəmova müvafiq olaraq “Mərziyə xanım bir məktəb idi...” və “İlklərin nümayəndəsi Mərziyə Paşayeva - 100” mövzularında məruzə edib, çıxışlarında Mərziyə Paşayevanın bir sıra görkəmli ədəbiyyat və mədəniyyət xadimlərinin şəxsi arxiv materiallarının, o cümlədən şəxsi kolleksiyalardan əlyazmaların toplanması, alınan abidələrin işlənməsi və oxucu kataloqunun tərtibi sahəsindəki misilsiz xidmətlərindən bəhs ediblər.

İnstitutun Əski çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix e.d., dosent Tahirə Həsənzadə, Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri fil.e.d., dosent Nailə Səmədova və Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dosent Aybəniz Rəhimova çıxışlarında Mərziyə Paşayeva ilə bağlı xatirələri ilə bölüşüb, onun Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Salman Mümtaz kimi görkəmli mədəniyyət xadimlərinin arxivlərinin təsvirinə dair nəşrlərindən söz açıblar.

Tədbir çərçivəsində İnstitut Kitabxanasının müdiri Briliant Hacıyeva və Elmi arxivin mütəxəssisi Çinarə Qəbulova tərəfindən hazırlanmış, görkəmli tədqiqatçının elmi fəaliyyətini özündə əks etdirən “Mərziyə Paşayeva - 100” adlı videoslayd nümayiş olunub.

Sonda tədbir iştirakçılarının xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: