AMEA Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib.
Tədbiri Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədr müavini akademik Teymur Kərimli açaraq gündəlikdə qoyulan məsələlərlə iştirakçıları tanış edib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3 fevral 2025-ci il tarixində “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. AMEA Rəyasət Heyətinin 7 mart 2025-ci il tarixli iclasında Üzeyir Hacıbəylinin yubileyi ilə bağlı Tədbirlər planı təsdiq edilib və buna əsasən humanitar yönümlü elmi tədqiqat müəssisələri tərəfindən “Üzeyir Hacıbəyli: ədəbi-mədəni dəyərlər və mənəvi-estetik zənginlik”, “Xalq düşüncəsinin ecazkarlığı: səsdə və bədii sözdə”, “Akademik Üzeyir Hacıbəyli və Azərbaycan musiqi mədəniyyəti”, “Üzeyir Hacıbəylinin publisistikasında dil məsələləri” mövzusunda tədbirlərin keçirilməsi, sərgilərin təşkili, “Dahilik nümunəsi Üzeyir Hacıbəyli” adlı kollektiv monoqrafiyanın nəşrə hazırlanması qərara alınıb.
Ölkə Prezidentinin Sərəncamının əhəmiyyətini nəzərə alaraq və dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə Elmi şuranın iclasında AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadənin təqdimatında “Üzeyir Hacıbəyli və onun musiqi mədəniyyətində rolu” mövzusunda elmi məruzə dinlənilib. Alim qeyd edib ki, bütün ömrünü xalqının mədəniyyətinin, musiqisinin, təhsilinin, elminin inkişafına həsr edən, Azərbaycan musiqi tarixində neçə-neçə janrların, yaradıcı kollektivlərin, qurumların, müasir Azərbaycan musiqişünaslığının əsasını qoyan, ölməz əsərləri ilə dünya musiqi xəzinəsini zənginləşdirən bu parlaq tarixi şəxsiyyətin həyat və yaradıcılığı uzun illərdir ki, tədqiq və təhlil edilir. Onun zəngin yaradıcılığının müxtəlif sahələri, ictimai fəaliyyəti, pedaqoji təcrübəsi, elmi-nəzəri irsi çoxlu sayda monoqrafiyaların, elmi-tədqiqat işlərinin, bədii əsərlərin yaranmasına əsas olub.
Üzeyir Hacıbəyli sənətə, musiqi mədəniyyətinə, millilik və beynəlmiləllik anlayışlarına Şərq və Qərbin, milli və dünya mədəniyyətlərinin üzvi sintezi prizmasından yanaşırdı. Azərbaycan musiqisinin inkişaf yolunu da məhz bu fəlsəfəyə əsaslanaraq müəyyənləşdirmişdi. Bu gün Azərbaycan musiqisinin beynəlmiləl səviyyədə tanınmasında Üzeyir bəyin yaradıcılığı və şəxsiyyəti həlledici rol oynayır. O, dahi bəstəkar, Şərqdə opera janrının banisi (“Leyli və Məcnun”, “Koroğlu” operaları), musiqişünas-alim, nəzəriyyəçi (“Azərbaycan xalq musiqisinin əsasları” əsərinin müəllifi), dramaturq və publisist kimi çoxşaxəli fəaliyyətilə tanınmışdır.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadə dahi bəstəkarın yaradıcılıq yoluna nəzər salaraq bildirib ki, onun sənət və elmdəki əsas mərhələlərini – “Leyli və Məcnun” operası, “Arşın mal alan” operettası, “Koroğlu” operası və “Azərbaycan xalq musiqisinin əsasları” elmi əsəri ilə səciyyələndirmək olar. Məhz bu əsərlər həm bəstəkarın öz yaradıcılığında və həm də Azərbaycan musiqisində çox önəmli mərhələ olaraq mühüm rol oynayıb. “Leyli və Məcnun” operası təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk muğam operası kimi tarixdə tanınıb. Milli bəstəkarlıq məktəbinin təməlini qoyan bu əsər, Füzulinin eyniadlı poeması əsasında yazılaraq milli poeziya və musiqinin yüksək sintezini təqdim edib. Bu operanın bir sıra Şərq ölkələrinin müasir peşəkar musiqi mədəniyyətinin formalaşmasında mühüm rolu olub. XX əsrin əvvəllərində Zaqafqaziyada, Orta Asiya ölkələrində, İranda böyük uğurla nümayiş etdirilən “Leyli və Məcnun” operası həmin xalqların musiqi və teatr sənətinə böyük təsir göstərib, onlarda da eyni səpgili əsərlər yaranmağa başlayıb.
Üzeyir Hacıbəyli Peterburq konservatoriyasında təhsil aldığı dövrdə geniş beynəlxalq şöhrət qazanan “Arşın mal alan” operettasını yazır. Onun “O olmasın, bu olsun” və “Arşın mal alan” operettaları dünyanın bir çox dillərinə tərcümə edilib, dəfələrlə ekranlaşdırılıb. Araşdırmalara görə Ankara, Tehran, Nyu-York, Çikaqo, Boston, London, Paris, Berlin, Varşava, Sofiya, Pekin və s. daxil olmaqla 50-dən çox ölkənin 120-dən çox səhnəsində göstərilib.
Dahi bəstəkarın yaradıcılığının şah əsərlərindən olan “Koroğlu” operası Azərbaycan musiqi mədəniyyətində əlamətdar bir hadisə olmaqla yanaşı, bütövlükdə Şərq opera sənətinin inkişafında da mühüm mərhələ təşkil edir. 1937-ci ildə ilk dəfə səhnəyə qoyulan bu monumental opera milli qəhrəmanlıq motivlərini klassik Avropa opera forması ilə sintez edərək, həm ideya, həm də musiqi-estetik baxımdan yeni bir keyfiyyət mərhələsinə yüksəlmişdir. “Koroğlu” operasının musiqi tarixində rolu ondan ibarətdir ki, bu əsər milli operanı dünya opera sənəti səviyyəsinə çıxarmış, qəhrəmanlıq və vətənpərvərlik ideyalarının musiqi ifadəsinin klassik nümunəsini yaradıb.
Məruzəçi qeyd edib ki, Hacıbəyli həm də musiqi təşkilatçısı idi. O, ilk notlu xalq çalğı alətləri orkestrini, çoxsəsli xor kollektivini yaratmış, milli alətlərin orkestrləşməsi və çoxsəsli səslənməsi istiqamətində nəzəri və təcrübi işlər aparıb. “Şur” və “Çahargah” fantaziyaları bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bəstəkar eyni zamanda, xalqın maariflənməsi istiqamətində geniş fəaliyyət göstərmiş, dərsliklər, və lüğətlər tərtib edib, tərcümə ilə məşğul olub.
Onun publisistik fəaliyyəti də diqqətəlayiqdir. “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “Molla Nəsrəddin” və digər mətbu orqanlarda çap olunan məqalələrində maarifçilik, ana dili və mədəni dəyərlərin qorunması məsələlərini qələmə alıb.
Bütün yaradıcılığı boyu xalq musiqisini təbliğ və tədqiq edən, bu haqda məqalələr yazan Üzeyir Hacıbəylinin elmi axtarışları “Azərbaycan xalq musiqisinin əsasları” (1945) fundamental əsəri ilə tamamlayıb və elmi-nəzəri bünövrə olaraq bu sahədə aparılacaq yeni tədqiqatlara geniş yol açıb. Onun 1920-ci illərdə Müslüm Maqomayevlə birgə milli musiqi folklorşünaslığının əsasını qoyub, 1927-ci ildə xalq mahnılarının ilk məcmuəsi sayılan “Azərbaycan türk el nəğmələri” işıq üzü görüb.
Sənətşünslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadə çıxışının sonunda diqqətə çatdırıb ki, görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılıq yolu Azərbaycan musiqi mədəniyyətini yaranma və inkişaf tarixinin mühüm və uğur dolu dövrünü əks etdirir. Təsadüfi deyil ki, dahi bəstəkarın anadan olduğu gün 18 sentyabr Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Milli musiqi günü kimi qeyd edilir.
Hacıbəylinin sənət və fikir irsi milli musiqi kimliyimizin əsas dayağıdır. Onun yaratdığı əsərlər bu gün də səhnələrimizdə yaşamaqda, musiqi kollektivlərinin repertuarında yer almaqda, yeni nəslin bədii-estetik zövqünün formalaşmasına xidmət etməkdədir. Ən önəmlisi isə odur ki, o, milli musiqi mədəniyyətini yalnız qoruyub saxlamaqla kifayətlənməmiş, onu yenidən dəyərləndirərək yeni inkişaf mərhələsinə yüksəltmişdir. Bu mənada Üzeyir Hacıbəyli təkcə bir bəstəkar, nəzəriyyəçi və maarifçi kimi deyil, həm də böyük milli düşüncə sahibi, strateji musiqi konsepsiyasının müəllifi, çağdaş Azərbaycan musiqi modelinin ideya banisi kimi qiymətləndirilməlidir. Onun irsi bu gün də musiqişünaslar, bəstəkarlar və pedaqoqlar üçün ilham mənbəyi olaraq qalır və Azərbaycan musiqi mədəniyyətinin gələcək inkişafı üçün dayanıqlı elmi-bədii platforma təşkil edir.
Məruzə ətrafında çıxış edən AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, AMEA-nın müxbir üzrə Rəna Məmmədova Üzeyir Hacıbəylinin Azərbaycan elminin, mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən, Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru, dosent Hikmət Quliyev dahi bəstəkarın yaradıcılığında folklor motivlərinə semiotik bağlılığından, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı bədii irsində duyğu və düşüncənin vəhdətindən bəhs ediblər.
Qeyd olunub ki, akademik Üzeyir Hacıbəyli Azərbaycan Milli Elmlər Akademiyasının ilk təsisçilərindən biri və hər gün səsləndirilən Azərbaycan Respublikasının Dövlət Himninin musiqisinin müəllifidir.
Elmi şuranın iclasında AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbələrinin əməkdaşları iştirak ediblər.
Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclasında Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin “AMEA-nın elmi müəssisə və təşkilatlarının, regional elmi bölmə və mərkəzlərinin 2025-ci ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair yarımillik hesabatlar haqqında” 10 iyun 2025-ci il tarixli sərəncamının icrasına əsasən Humanitar Elmlər Bölməsinin institutları üzrə əldə edilən statistik məlumatlar diqqətə çatdırılıb. Qeyd olunub ki, birinci yarımillik ərzində humanitar sahədə çalışan alimlər tərəfindən 76 kitab və monoqrafiya (5-i xaricdə), 909 məqalə (116-sı xaricdə) və 339 tezis (116-sı xaricdə) çap edilib. İmpakt faktorlu jurnallarda bölmə üzrə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 1 əməkdaşının elmi məqaləsi işıq üzü görüb. Humanitar Elmlər Bölməsinin elmi müəssisələri tərəfindən 74 respublika və 14 beynəlxalq səviyyəli tədebirlər həyata keçirilib, 47 nəfər alim xarici ölkələrə ezam edilib. 29 nəfər fəlsəfə, 8 nəfər elmlər doktorluğu üzrə müdafiə edib.
İclasda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Nitq mədəniyyəti və monitorinq şöbəsinin ləğv edilməsi barədə qərar qəbul edilib. Filologiya elmləri doktoru, dosent Aynel Məşədiyeva AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya elmləri doktoru, professor Məsud Mahmudov həmin institutun Süni intellekt və kompüter dilçiliyi şöbəsinin müdiri vəzifəsinə təsdiq edilib. Qeyd olunan məsələlərlə bağlı Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin Azərbaycan sənətşünaslıq elminin inkişafındakı xidmətləri nəzərə alınaraq və 60 illik yubileyi münasibətilə qərar qəbul edilib.
İclasda, həmçinin bir sıra kadr məsələlərinə toxunulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.