8 iyul 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda 16-17 iyun tarixlərində MetaWay MMC tərəfindən təşkil olunmuş “Global Research Project” layihəsi çərçivəsində Şuşa şəhərində reallaşmış “Global Research Conference Shusha 2025” konfransının “Daha yaxşı gələcək üçün Süni intellekt” adlı beynəlxalq tədbirinin davamı olaraq “Süni intellektin universitetlər və elmi tədqiqat institutları üçün yaratdığı imkanlar” mövzusunda hesabat seminarı təşkil olunub.
Fizika İnstitutunda təşkil olunmuş hesabat seminarında MetaWay-in direktoru “Global Research Conference Shusha 2025” təsisçisi və təşkilatçısı Mehriban Məlikova, “MIE Azerbaijan MMC”-nin beynəlxalq təhsil layihələri üzrə elmi məsləhətçisi, respublika “Təhsil Şurası” İB İH-nin üzvü, Binəqədi rayon nümayəndəliyinin rəhbəri, Lütfi Zadə adına MEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Nəbi Mahmudov, S.C.Pişəvəri adına HF gimnaziyasının direktoru İlqar Talıbov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsıl” elmi-metodik jurnalının baş redaktoru Böyükağa Mikayıllı, AMEA-nın Şərqşünaslıq İnstitutunun dosenti Sübhan Talıblı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru İlhamə Ömərova, Qərbi Kaspi Universitetinin elmi tədqiqatçısı Sheraz Mehmood iştirak edib.
Eyni zamanda seminara Türkiyədən və digər ölkələrdən alimlər onlayn platforma vasitəsilə qoşulub.
Seminarı Fizika İnstitutunun Elmi innovasiyalar və xarici əlaqələr şöbəsinin rəhbəri Rüstəm Rüstəmov açıb və müzakirə olunan mövzunu seminar iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla bir dəqiqəlik sükutla yad edilib.
Rüstəm Rüstəmov çıxışında bildirdi ki, Fizika İnstitutu “Global Research Conference Shusha 2025” tədbirində konfransı dəstəkləyən təşkilatçılardan biri kimi çıxış edib. Rüstəm Rüstəmov konfransın sədri qismində İnstitutu təmsil edib. “Global Research Conference Shusha 2025” konfransının təşkilinin bütün mərhələlərində Fizika İnstitutunu təmsil edən əməkdaşlar bir komanda olaraq inzibati, elmi və təşkilati məsələlərdə aktiv iştirak edib. Xüsusilə elmi fəaliyyət istiqamətində mövzuların seçilməsi və təqdimi, eləcədə fərdi qaydada komanda üzvlərinin konfransda müxtəlif mövzular ətrafında olan müzakirələrdə aktiv iştirakı, ümumilikdə konfransın işinin və Fizika İnstitutunu konfrans çərçivəsində yüksək səviyyədə təqdim olunmasına müsbət şərait yaradıb.
Eyni zamanda Rüstəm Rüstəmov bildirib ki, 18 iyun 2025-ci il tarixində “Global Research Conference Shusha 2025” beynəlxalq konfransında iştirak etmiş yerli və xarici qonaqlar Fizika İnstitutunda qonaq olub. Qonaqları institutun rəhbərliyi qarşılayıb və görüş zamanı birgə elmi əməkdaşlıq haqqında müzakirələr aparılıb.
Konfransın sonunda qəbul edilmiş Bəyənnamənin hazırlanması və təqdimatında Fizika İnstitutunun əməkdaşları müstəsna töhfə verib.
Daha sonra söz məruzəçilərə verilib.
Seminarda institutun Elmi resurslar və rəqəmsal informasiya şöbəsinin müdiri Orxan Əliyev, Materialşünaslıq laboratoriyasının dosenti Suma Hüseynova və Yarımkeçiricilərdə və yarımkeçirici nanostrukturlarda köçürmə hadisələri laboratoriyasının dosenti Aytən Əliyeva məruzə ilə çıxış edib.
Seminarda görülmüş işlər və mövzu ətrafında sual-cavab formatında müzakirələr və eləcədə gələcək fəaliyyət planları haqda ətraflı fikir mübadiləsi aparılıb.
Sonda qonaqlardan Mehriban Məlikova, Böyükaĝa Mikayıllı, Sheraz Mehmood və institutun əməkdaşı f.ü.f.d. Lalə Əliyeva çıxış edərək Fizika İnstitutu rəhbərliyinə və əməkdaşlarına ürək sözlərini bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.