İyulun 19-da geofizika və geodinamikanın müxtəlif sahələrinə mühüm töhfələr vermiş, bu sahədə dünyada tanınmış alimlərdən biri, AMEA-nın həqiqi üzvü, AR Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun baş direktoru Fəxrəddin Qədirovun 75 yaşı tamam olur.
Fəxrəddin Qədirov 1950-ci il iyulun 19-da Şəki şəhərində ziyalı ailəsində anadan olub. O, 1967-ci ildə Şəki şəhər 10 saylı orta məktəbi gümüş medalla başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsinə qəbul olub. Alim 1984-cü ildə geofizika üzrə fəlsəfə doktoru, 2002-ci ildə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcələrini, 2007-ci ildə “Geofizika” ixtisası üzrə professor elmi adını alıb. 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.
Akademik F.Qədirov əmək fəaliyyətinə fizika müəllimi kimi başlayıb. 1974-cü ildə AMEA Geologiya İnstitutunun (indiki AR Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu) Qravimetriya laboratoriyasında çalışıb, 1989-2003-cü illərdə həmin laboratoriyaya, 2005-2007-ci illərdə Geotektonika və geodinamika, 2008-ci ildən isə Geodinamika və seysmologiya şöbəsinə rəhbərlik edib. Alim 2008-ci ildən “Yer fizikası” seksiyasının, 2015-ci ildən Geodinamika və kosmik geodeziya şöbəsinin müdiridir. Geofizik alim 2013-2019-cu illərdə AMEA Rəyasət Heyətinin üzvü və Yer Elmləri Bölməsinin akademik-katibi olub. Hazırda AMEA Yer Elmləri Bölməsi Elmi şurasının sədr müavinidir. AMEA Rəyasət Heyətinin qərarı ilə 2020-ci ildən Neft və Qaz İnstitutunun baş direktorudur. O, həmçinin AR Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun nəzdində fəaliyyət göstərən Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması Müqaviləsi Təşkilatının (CTBTO) Azərbaycan Milli Məlumat Mərkəzinin rəhbəridir. F.Qədirov AMEA-nın Türkiyə Cümhuriyyəti Öyrətim Kurulu ilə imzaladığı qarşılıqlı elmi əlaqələr protokolu çərçivəsində 1992-1995-ci illərdə Atatürk Universitetində, 1996-1998-ci illərdə Qara dəniz Texniki Universitetinin “Geofizika mühəndisliyi” bölümündə professor vəzifəsində çalışıb.
Yer fizikasının geodinamika və kosmik geodeziya, endogen və ekzogen geoloji proseslərin fizikası, neft və qaz sahələrinin geofiziki axtarışı və ekoloji geofizika istiqamətlərinə aid problemləri akademik F.Qədirovun elmi maraq dairəsini əhatə edir. 1998 və 2000-ci illərdə o ABŞ-ın Massaçusets Texnologiya İnstitutunda elmi ezamiyyətdə olmuş və GPS tədqiqatları üçün sertifikat almışdır. F.Qədirovun rəhbərliyi altında 1998-ci ildə Azərbaycan ərazisində ilk dəfə olaraq GPS müşahidə sistemi qurulmuş və GPS texnologiyası ilə Azərbaycan ərazisinin müasir geodinamikasının tədqiqinin əsası qoyulmuşdur.
Alimin elmi fəaliyyətinin əsas istiqamətini geofiziki sahələrin ədədi analizi və məkan-zaman paylanma qanunauyğunluğunun öyrənilməsi, Qafqaz-Xəzər regionunun Yer qabığı müasir hərəkətlərinin GPS monitorinqi, müasir kinematikası, dərinlik quruluşunun modelləşdirilməsi, zəlzələlərin və qırılmaların fraktal və statistik metodlarla tədqiqi təşkil edir. O, Qafqaz plitəsinin mövcudluğunu və saat əqrəbinin əksi istiqamətində dönməsini, eləcə də Azərbaycan ərazisinin plitə tektonikası konsepsiyasına əsaslanan yeni geodinamik modelini təklif edib. Qravimetrik müşahidələrin təhlili əsasında güclü zəlzələdən əvvəl qravitasiya sahəsinin qabaran variasiyalarında fluktuasiyaların meydana gəldiyini göstərib. Alim, həmçinin Azərbaycanın neftli-qazlı ərazilərinin çöküntü təbəqələrindəki qravitasiya tarazlığı proseslərini nəzəri olaraq öyrənib, flüidlər miqrasiyasının konveksiya və palçıq vulkanlarının aktivləşmə modelini işləyib.
Akademik F.Qədirov 300-dən çox elmi məqalənin, o cümlədən “Azərbaycanın qravitasiya sahəsi və dərinlik quruluşunun modeli” monoqrafiyasının müəllifi, “Геология Азербайджана” IV, V və VII cildlərinin, ingilis dilində “Hydrocarbon systems of the South Caspian Basin”, “Springer” nəşriyyatında nəşr olunan iki cildlik “Geosciences of Azerbaijan” və s. kitabların, həmçinin Xəzər regionunun qravitasiya xəritəsinin həmmüəllifidir. Onun əsərlərinə tanınmış beynəlxalq jurnallarda çox sayda istinad olunur. F.Qədirovun Azərbaycanda və Türkiyə Cümhuriyyətində yüksəkixtisaslı elmi kadrların hazırlanmasında böyük əməyi vardır. Elmi rəhbərliyi ilə Azərbaycanda 17 elmlər namizədi və 2 elmlər doktoru hazırlanmışdır. Elmi rəhbəri olduğu yer elmləri üzrə fəlsəfə-doktoru Rafiq Səfərov 2014-cü ildə elm sahəsində gənclər üçün Prezident mükafatına layiq görülmüşdür.
F.Qədirov elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olur. O, Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Seysmologiya və Yer təkinin fizikası kafedrasının professoru, Geologiya və Geofizika institutnda fəaliyyət göstərən baza kafedrasının rəhbəridir.
Akademik F.Qədirov dünyanın qabaqcıl elmi mərkəzləri ABŞ-ın Massaçusets Texnologiya İnstitutu, Cənubi Karolina Universiteti, Yuta Universiteti, TC Karadəniz Texnik Unversiteti, İstanbul Texnik Universiteti, Orta Doğu Texnik Universiteti, Almaniyanın Jena Universiteti, İtaliyanın Bikkoko Universiteti və CNR təşkilatı, İsrailin Tel-Aviv Universiteti, Rusiya EA-nın Yer Fizikası İnstitutu və s. ilə elmi əməkdaşlıq edir. 2005-ci ildən Azərbaycan Respublikası Prezidenti yaninda Ali Attestasiya Komissiyasının Geologiya və Geofizika İnstitutunda fəaliyyət göstərən D 01.081 saylı Dissertasiya şurasının geofizika seminarının sədridir. Hazırda AMEA-nın Yer Elmləri Bölməsinin “ANAS Transaction” jurnalının baş redaktorunun müavini, “Azərbaycanda geofizika yenilikləri”, Rusiya Elmlər Akademiyasının “Şimali Avrasiyanın zəlzələləri” («Землетрясения Северной Евразии») elmi-texniki jurnallarının redaksiya heyətinin, Pamukkale Üniversitesi (TC) Mühendislik Bilimleri Dergisinın məsləhət şurasının və Azərbaycan Milli Geofizika Komitəsi İdarə Heyətinin və Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin üzvüdür. F.Qədirov dəfələrlə ABŞ və Avropada keçirilən beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış edib. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun, SOCAR Elm Fondunun, ABŞ Milli Elm Fondunun NSF, CRDF, CNR, STCU və EAGE təşkilatlarının elmi qrantlarına layiq görülüb.
Akademik F.Qədirov Avropa geoloq alim və mühəndislər assosiasiyasının (EAGE), Amerika neftçi-geoloqlar assosiasiyasının (AAPG), Amerika Geofizika İttifaqının (AGU) və Azərbaycan geofizika cəmiyyətinin üzvüdür. Eyni zamanda Avropa “Geophysical Prospecting” (Geofiziki kəşfiyyat) və “Geodynamics” elmi jurnallarının rəyçi ekspertidir. 2009-cu ildən Beynəlxalq Geodeziya və Geofizika İttifaqı (İUGG) nəzdində yaradılmış Azərbaycan Milli Geodeziya və Geofizika Komitəsinin (AMGGK) rəhbəri, Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının (MAAN) “Geodeziya və Geofizika” üzrə elmi şurasının sədridir.
F.Qədirov 2015-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuş, 2020-ci ildə Əməkdar elm xadimi adına layiq görülmüşdür, 2023-cü ildə “Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyası”nın böyük medalı, “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)” Azərbaycan Respublikasının yubiley medalı, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı, Qazağıstan Milli Texniki Tədqiat Universitetinin Satpayev adına medalı ilə təltif edilmişdir.
75 illik yubileyini qeyd edən, tükənməz elmi potensiala malik olan akademik Fəxrəddin Qədirov bu gün də elmi axtarışlarını davam etdirir. O, həm peşəkarlığı, həm də yüksək insani keyfiyyətlərinə görə nəinki Azərbaycanda, həm də beynəlxalq elm aləmində böyük nüfuz qazanıb.
Akademik Fəxrəddin Qədirovu 75 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, elmi və pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.