Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.07.2025 11:15
  • A-
  • A
  • A+

Milli Mətbuat Günü münasibətilə AMEA-nın Gəncə Bölməsində dəyirmi masa keçirilib

Milli Mətbuat Günü münasibətilə AMEA-nın Gəncə Bölməsində dəyirmi masa keçirilib

“Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2025-ci il tarixli Sərəncamından irəli gələrək, Gəncə şəhər İcra Hakimiyyəti və AMEA-nın Gəncə Bölməsi tərəfindən Əkinçi”dən sosial mediaya: Azərbaycan mətbuatının inkişaf yolu mövzusunda dəyirmi masa keçirilib. 

Tədbirə Gəncədə fəaliyyət göstərən elm ocaqlarını təmsil edən alim və tədqiqatçılar qatılıblar.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masa müzakirələrini giriş sözü ilə AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, bu elm ocağında nəşr olunan  “Xəbərlər Məcmuəsi: Təbiət və texnika elmləri” jurnalının redaktoru akademik Fuad Əlyev açaraq iştirakçıları salamlayıb.

O, “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2025-ci il tarixli Sərəncamının işığında təşkil olunmuş bu görüşün həmin sənəddə öz əksini tapmış prinsiplərə, o cümlədən dövlət maraqlarımızın hər şeydən uca tutulması, ölkəmizin müasir dünyadakı yeri və rolu, ictimaiyyətimizin məlumatlandırılması sahəsində ziyalıların fəallığının artırılmasına xidmət edəcəyinə inandığını bildirib.

Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sənubər Qocayeva çıxışında şəhərimizin alimlərinin milli inkişafımızla bağlı əlamətdar tarixlərə həsr olunan tədbirlərdə nümayiş etdirdikləri yüksək mövqeyi təqdirəlayiq hal kimi dəyərləndirib.

O, toplantı iştirakçılarına Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təbrik və uğur arzularını çatdırıb.

Sonra dəyirmi masanın məruzələri dinlənilib. AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, bölmənin “Nizamişünaslıq” jurnalının redaktoru fil.ü.f.d., dosent Əlimuxtar Muxtarov  “44 Günlük Vətən müharibəsi və Azərbaycan mətbuatı”, AR ETN Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın Gəncə Bölməsinin “Xəbərlər  Məcmuəsi: Təbiət və texnika elmləri” jurnalının məsul katibi k.ü.f.d., dosent Mahirə Şərifova “Həsən bəy Zərdabinin yaradıcılığında təbiət və ətraf mühit məsələlərinə baxış”, AMEA-nın Gəncə Bölməsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı “Rəqəmsal media və inteqrasiya təhlükəsizliyi: çağırışlar və həllər”, AMEA-nın Gəncə Bölməsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zakir Muradov “Həsən bəy Zərdabinin məsləkdaşı - Əsgər ağa Gorani”,  AR ETN Aqrar Problemlər İnstitutunun direktoru Sədaqət Adıgözəlova “Həsən bəy Zərdabinin aqrar problemlərə elmi yanaşması”, AR ETN Nəbatat Bağının (Gəncə) direktoru Nizami Nağıyev “Ekologiyanın qorunmasında mətbuatın rolu”, AMEA-nın Gəncə Bölməsinin YAP Gəncə şəhər 2 saylı Ərazi Partiya Təşkilatının sədri Vüsal Eminbəyli “Müstəqil Azərbaycan mətbuatının Heydər Əliyev dövründə intibahı” və AR ETN Bioresurslar İnstitutunun (Gəncə) direktor müavini Günel Tomuyeva “Azərbaycan Mətbuatı: 150 illik sözün gücü” mövzuları üzrə çıxış ediblər.

Çıxışlar ətrafında müzakrələr aparılıb.

Akademik Fuad Əliyev maraqlı çıxışlar və onların ətrafında səsləndirilən mülahizələrə görə iştirakçılara təşəkkür edib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: