AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və Qəbələ Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiya və Suverenlik İli: hüquqi dəyərlərimiz” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Tədbirdə Şəki və Qəbələ Mediasiya təşkilatlarının nümayəndələri, Qəbələ və Şəki rayon ziyalıları, Şəki REM-in şöbə rəhbərləri və elmi işçiləri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Şəki REM-in direktoru fiz.ü.f.d.,dos. Yusif Şükürlü müstəqil və suveren dövlətə sahib olan ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin milli suverenliyimiz və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi əhəmiyyətini vurğulayıb.
Direktor qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi əsaslı islahatlar nəticəsində 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə mürəkkəb keçid dövrünü yaşayan müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilib və bu, ölkədə demokratik, dünyəvi və unitar dövlətin qurulması işinə hüquqi zəmin yaradıb.
Yusif Şükürlü bildirib ki, hər bir Azərbaycan vətəndaşı öz konstitusiya haqlarını bilməli və hüquqlarından doğru istifadə etməyi bacarmalıdır. O, həmçinin hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini həyata keçirmək üçün özünün seçdiyi vəkilə müraciət etmək hüququna malik olduğunu vurğulayıb. Direktor mediasiya prosesinin bu işin asanlaşdırılmasını təmin etdiyini söyləyib.
Sonra Azərbaycan Respublikası Mediasiya Şurasının üzvü, Qəbələ Mediasiya Təşkilatının rəhbəri, mediator Ədalət Əliyev çıxış edərək mediasion fəaliyyət haqqında məlumat verib. Bildirib ki, mediasiya prosesi münaqişə tərəfləri arasında yaxşı münasibətlərin yaradılması və qorunub saxlanması məqsədilə istənilən mübahisə üzrə tətbiq edilə bilər. Bunun üçün tərəflər qarşılıqlı razılaşma ilə istədikləri mediatoru seçərək ona müraciət etməkdə sərbəstdirlər. Mediasiya prosesində məxfiliyin qorunması təmin edilir. O, mediasiya prosesinin vətəndaşların və vəkillərin işinin asanlaşdırılmasına, məhkəmələrin iş yükünün azaldılmasına kömək etdiyini nəzərə çatdırıb.
Daha sonra Şəki REM-in Tarix və epiqrafika şöbəsinin rəhbəri t.ü.f.d. Rahim Həsənov “Azərbaycan Respublikası Konstitusiyasının qəbulu və suverenliyimizin bərpası” adlı məruzə ilə çıxış edib. O, dünya qanunları barədə məlumat verərək, ilk dünyəvi, materialist qanunların Romada yaranmasından və bu qanunların hələ də öz təsirini saxlanmasından, Latın, Frank, İngiltərə qanunlarının əsasında konstitusiyanın formalaşmasından danışıb.
Məruzəçi 1921-ci ildə yaradılan Azərbaycan SSR-nin Konstitusiyasında Ümummilli Lider Heydər Əliyevin səyi nəticəsində Azərbaycan dilinin dövlət dili olması faktını diqqətə çatdırıb, Azərbaycan SSR-nin Dövlət Suverenliyi, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Bəyannaməsi, ən demokratik Azərbaycan Konstitusiya Aktının qəbul edilməsi, konstitusiyaya edilən dəyişikliklər, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi ilə konstitusiya hüquqlarının bərpa olunması kimi mühüm məqamlara diqqət çəkib.
Tədbirdə, həmçinin Şəki REM-in elmi işlər üzrə direktor müavini fil.e.d., dos. Kamil Adışirinov, Azərbaycan Respublikası Mediasiya Şurasının üzvü, Şəki Mediasiya Təşkilatının rəhbəri, mediator Dərya Yaşarlı, Qəbələ rayon Yemişanlı kənd tam orta məktəbinin direktoru Səyyad Vəlixanlı və başqaları çıxış ediblər.
Sonda Qəbələ Mediasiya Təşkilatının rəhbəri tərəfindən Şəki REM-in əməkdaşlarına kitablar hədiyyə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.