AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Elmi şurasının növbəti iclası keçirilib.
Əvvəlcə Şəki REM-in direktoru fiz.ü.f.d.dos. Yusif Şükürlü iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Dosent Yusif Şükürlü “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 2025-2028-ci illər üzrə süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında 19 mart 2025-ci il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında AMEA Rəyasət Heyətinin 14 aprel 2025-ci il tarixli qərarı və “AMEA-nın Əziz Səncər fəxri diplomu”nun Əsasnaməsi ilə bağlı məlumat verib. Direktor bildirib ki, alimlər üçün böyük önəm kəsb edən bu mükafat Şəki REM-in gənc mütəxəssisləri üçün də çox əhəmiyyətlidir.
Elmi şura mükafatın tələblərini ödəyən gənc alimlərin elmi fəaliyyətini əks etdirən beynəlxalq indeksli məqalələrin AMEA Rəyasət Heyətinə təqdim olunmasına qərar verib.
Şəki REM-in elmi işlər üzrə direktor müavini fil.e.d., dos. Kamil Adışirinov gündəlikdəki ikinci məsələ olan – “AMEA-nın və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə Tədbirlər planı”nın təsdiq edilməsi haqqında AMEA Rəyasət Heyətinin 2 iyun 2025-ci il tarixli qərarı ilə əlaqədar məlumat verib.
Qeyd edib ki, AMEA-nın 80 illik yubileyi ilə əlaqədar Şəki REM-in təşkilatçılığı ilə Elm və Təhsil Nazirliyinin bir çox qurumları ilə müştərək tədbirlər bu ilin I yarımili ərzində keçirilib və daha bir neçə tədbirin təşkili növbəti yarımil üçün nəzərdə tutulur.
Daha sonra elmi katib Vəfa Atayeva “AMEA-nın elmi müəssisə və təşkilatlarının, regional elmi bölmə və mərkəzlərinin 2025-ci ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair yarımillik hesabatların nəticələri haqqında AMEA Rəyasət Heyətinin 7 iyul 2025-ci il tarixli 15/8 nömrəli qərarına dair” məlumat verib.
O, hesabatlarla bağlı AMEA Rəyasət Heyətinin müvafiq qərarını səsləndirib, hesabatların qəbul edilərək qənaətbəxş hesab edildiyini Elmi şura üzvlərinin diqqətinə çatdırıb.
Tədbirdə Ədəbi-mədəni mühit və folklor şöbəsinin müdiri Təranə Abdullayeva çıxış edərək iştirakçıları “Filologiya elmləri doktoru Sərxan Xavərinin “Postmodern çağda folklor və dövlətçilik münasibətlərinə diskursiv baxış” mövzusunda elmi məruzəsi haqqında” Rəyasət Heyətinin 7 iyul 2025-ci il tarixli 15/1 nömrəli qərarı ilə tanış edib.
Bildirib ki, qərarın icrası ilə bağlı Ədəbi-mədəni mühit və folklor şöbəsi tərəfindən müvafiq iş planı hazırlanıb. Təranə Abdullayeva Elmi şuranı iş planı ilə tanış edib, iş planı səsə qoyularaq qəbul edilib.
İclasda müzakirəyə çıxarılan növbəti məsələ Şəki REM-də elmi əsərlərin yoxlanılmasını təmin etmək məqsədi ilə plagiat proqramının alınması barədə olub. Bu haqda məlumat verən Elektron xidmətlər şöbəsinin müdiri Namiq Abdurahmanov bildirib ki, plagiat proqramlarının araşdırılması aparılıb və ən uyğun olanı, müasir standartlara cavab verən, respublikanın nüfuzlu elm və təhsil müəssisələri tərəfindən istifadə edilən, etibarlı plagiat proqramı müəyyənləşdirilib. O, proqrama qoşulma şərtləri, üstünlükləri, təqdim olunan təkliflər barədə danışıb.
Elmi şura qısa zaman ərzində Şəki REM-də dərc olunacaq elmi jurnalda məqalələrin oxşarlıqlarını və potensial uyğunluqlarını müəyyən etmək üçün təqdim olunan plagiat proqramının qənaətbəxş olduğuna və bu barədə AMEA Rəyasət Heyətinə müraciətin təmin olunmasına qərar verib.
Sonda bir sıra cari məsələlər müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.