AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin təşəbbüsü və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Akademiyanın gənc alim və mütəxəssisləri üçün innovativ layihələrlə tanışlıq məqsədilə silsilə “İNNOday” tədbirlərindən birincisi keçirilib. Tədbir çərçivəsində AMEA İşlər İdarəsinin əməkdaşı Rəşid Əliyev müəllifi olduğu “BethClip” və “Braille Pad” layihələrini, digər müəllif Sahib Əlizadə isə “EduRings” layihəsini təqdim edib.
“BethClip” bulud texnologiyalarından istifadə etməklə sənədlərin müxtəlif cihazlar arasında sadəcə bir addımla paylaşmaq imkanı yaradan innovativ bir layihədir. Xatırladaq ki, “BethClip” ABŞ-nın məşhur CNBC kanalı tərəfindən 2015-ci ilin dünya üzrə ən diqqətçəkən 20 innovativ layihəsi siyahısına salınıb.
“Braille Pad” görmə məhdudiyyəti olan insanlar üçün İnternetin bütün imkanlarından istifadə imkanı yarada bilən planşet layihəsidir. “Braille Pad” rəqiblərindən fərqli olaraq daha ucuz qiymətlə çoxsətirli Braille əlifbasından istifadə etməyə imkan verir.
“EduRings” layihəsi isə tələbələrə aid fəaliyyətləri olan şirkətlər üçün ümumi şəbəkə layihəsidir. Burada müəlliflər istifadəçi rahatlığını və konfidensiallığını əsas götürərək tələbələrin elmə marağını artırmaq, gənc mütəxəssislərin iş və biznes imkanlarını genişləndirmək imkanları yaradır.
Tədbirdə layihələr ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.