Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.08.2025 20:00
  • A-
  • A
  • A+

“Palçıq vulkanları və flüid miqrasiya sistemləri” mövzusunda V beynəlxalq yay məktəbi öz işinə başlayıb

“Palçıq vulkanları və flüid miqrasiya sistemləri” mövzusunda V beynəlxalq yay məktəbi öz işinə başlayıb

Avqustun 25-də Bakı şəhərində “Palçıq vulkanları və flüid miqrasiya sistemləri” mövzusunda V beynəlxalq yay məktəbi öz işinə başlayıb.

Bu il yay məktəbi Fransız-Azərbaycan Universitetində (UFAZ) təşkil olunub.

Təşkilatçıları Azərbaycanın və xarici ölkələrin aparıcı elm və təhsil mərkəzləri olan yay məktəbinə dəstəyi GeoNet MMC göstərib. Tədbirə, həmçinin SOCAR, European Geosciences Union (EGU) və Norveç Tədqiqat Şurası (Research Council of Norway) tərəfindən dəstək göstərilib.

Açılış mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, AMEA Yer Elmləri Bölməsinin sədri, akademik İbrahim Quliyev, SOCAR-ın vitse-prezidenti Arzu Cavadova, Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun direktor müavini, professor Vaqif Qurbanov, həmçinin Oslo Universitetinin professoru Adriano Mazzini çıxış ediblər.

Akademik İbrahim Quliyev Azərbaycanın dünya elmi üçün xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. “Azərbaycan unikaldır – burada dünyanın palçıq vulkanlarının yarısından çoxu yerləşir. Yay məktəbi təcrübə mübadiləsi və yeni nəsil tədqiqatçıların hazırlanması üçün vacib platformadır. Bu tədqiqatçılar gələcəkdə yalnız elmi deyil, həm də ekoloji məsələlərin həllində iştirak edəcəklər” - deyə akademik vurğulayıb.

SOCAR-ın vitse-prezidenti Arzu Cavadova isə beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd edib: “Bu tədbir müxtəlif ölkələrdən gənc tədqiqatçıları birləşdirir. Belə təşəbbüslər birgə tədqiqatların əsasını möhkəmləndirir, elm və sənaye arasında əlaqələri gücləndirir və geoloji proseslərin öyrənilməsində yeni imkanlar açır”.

Yay məktəbi tədqiqat-təhsil xarakteri daşıyır və əsas məqsədi yeni nəsil alimlərin hazırlanmasıdır. Bu il tədbirdə Azərbaycan, Norveç, Çexiya, Slovakiya, İspaniya, Çin, Hindistan və digər ölkələrdən təxminən 60 tədqiqatçı, mütəxəssis, doktorant və magistr iştirak edir.

İlk günün proqramı palçıq vulkanizminin geodinamik əsaslarından başlayaraq neft-qaz sistemlərinin tətbiqi aspektlərinə qədər çoxşaxəli olub və mövzuların geniş spektrini əhatə edib. İştirakçılar palçıq vulkanizminin ümumi qanunauyğunluqları, Azərbaycanın palçıq vulkanları, vulkanik hadisələrin geodinamik nəzarəti və Yer kürəsindən kənar palçıq vulkanları mövzularında mühazirələr dinləyiblər. Həmçinin Cənubi Xəzər hövzəsinin neft sistemləri, Kirmaki vadisinin kollektorları və Pleyosen çöküntüləri, dəniz akvatoriyalarında maye miqrasiyası sistemləri mövzusunda məruzələr təqdim olunub. Mühazirələr müxtəlif elmi mərkəzlərin aparıcı mütəxəssisləri tərəfindən oxunub.

İlk gün tələbə qruplarının və posterlərinin təqdimatı ilə yekunlaşıb, bu da gənc tədqiqatçılara öz ideyalarını aparıcı ekspertlərlə müzakirə etməyə imkan verib.

Yay məktəbi avqustun 30-na qədər davam edəcək və iştirakçılar üçün palçıq vulkanlarına, o cümlədən Yanardağa ekskursiyaların təşkili və praktiki sahə məşğələləri nəzərdə tutulub.

Beşinci yay məktəbi əvvəlki illərdə qoyulmuş beynəlxalq əməkdaşlıq ənənəsini davam etdirir və artıq gənc mütəxəssislərin hazırlanması, elmi əlaqələrin genişləndirilməsi və Azərbaycanın geoloji tədqiqatlar sahəsində dünya səhnəsində mövqeyinin möhkəmləndirilməsi üçün vacib platformaya çevrilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: