Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.09.2025 10:02
  • A-
  • A
  • A+

AMEA Azad Həmkarlar İttifaqının iclasında sosial məsələlər müzakirə olunub

AMEA Azad Həmkarlar İttifaqının iclasında sosial məsələlər müzakirə olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının növbəti iclası keçirilib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əməyin və sağlamlığın mühafizəsi şöbəsinin müdiri Adil Rəhimli, AMEA-nın akademik-katibi, akademik Arif Həşimov, Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev, eləcə də elmi müəssisə və təşkilatların həmkarlar təşkilatları sədrləri, büro üzvləri və əməkdaşları, AMEA AHİ-nin Rəyasət Heyəti üzvləri iştirak ediblər.

İclası açan AMEA Azad Həmkarlar İttifaqının sədri s.e.ü.f.d., dosent Sənan Həsənov çıxışında həmkarlar ittifaqının işinin təşkili sahəsində yeni prinsiplərin müəyyənləşdirilməsi, müasir çağırışlara uyğun fəaliyyət strategiyasının müzakirəsi və əməkdaşların sosial rifahının gücləndirilməsinə dair görülən işlər və qarşıda duran vəzifələrə dair müzakirələrin olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin həmkarlar sahəsində müəyyən etdiyi vəzifə və məqsədlərə uyğun olaraq Həmkarlar İttifaqları Konfederasiyasının apardığı yeni islahatları diqqətə çatdırıb. AMEA Azad Həmkarlar İttifaqının fəaliyyətində də bu islahatlar rəhbər prinsip kimi qəbul edilir və bütün proqramlarda öz əksini tapan yenilikləri şəffaflığı və əlçatanlığı özündə əks etdirir. S.Həsənov qeyd edib ki, Akademiyanın həmkarlar ittifaqı bu işlərin icrasında hər zaman Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə sıx əməkdaşlıq edir, birgə layihələr həyata keçirir və normativ sənədlərin hazırlanmasında fəal iştirak edir.

Sədr həmkarlar ittifaqının üzvlərinin statistik göstəricilərinə də toxunaraq bildirib ki, hazırda ittifaqın 3061 üzvü var, onların 1908 nəfəri qadın, 1153 nəfəri isə kişi əməkdaşlardan ibarətdir. O, son dövrdə həyata keçirilmiş sosial proqramlar, eləcə də əməkdaşların mənzil, sağlamlıq və digər sosial təminat sahələrində görülmüş işlərdən danışıb. S.Həsənov xüsusilə ölkə başçısının 18 mart 2025-ci il tarixli “AMEA-nın 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası ilə bağlı qarşıda duran vəzifələrin önəmini vurğulayıb və yubiley tədbirlərinin yüksək səviyyədə təşkili məqsədilə bütün hazırlıq işlərinin artıq başladığını diqqətə çatdırıb.

İclasda çıxış edən AMEA-nın akademik-katibi, akademik Arif Həşimov həmkarlar təşkilatlarının işçilərin sosial müdafiəsini gücləndirmək, sığorta, sağlamlıq və digər ictimai proqramların reallaşdırılmasına dəstək verən ölkənin ən köklü təşkilatlarından olduğunu vurğulayıb. O, AMEA Həmkarlar Təşkilatının da Akademiyanın yaradılmasından qısa müddət sonra təsis edildiyini bildirib. Akademik, həmçinin Həmkarlar İttifaqları Konfederasiyasının normativ sənədlərinin hazırlanmasında AMEA alimlərinin yaxından iştirak etdiyini, bu əməkdaşlığın bu gün də davam etdiyini diqqətə çatdırıb. Akademik-katib çıxışının sonunda qarşıdan gələn AMEA-nın 80 illik yubileyi münasibətilə iclas iştirakçılarını təbrik edib, onlara xoş arzularını çatdırıb.

İclasda AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə isə çıxışında elmi fəaliyyətin stimullaşdırılması üçün əlavə dəstəyin vacibliyini qeyd edib. Azərbaycan Həmkarlar Konfederasiyasının alimlərin elmi fəaliyyətinin stimullaşdırılması istiqamətində daha fəal dəstəyinə ehtiyac olduğunu vurğulayıb. Bildirib ki, bu dəstək yalnız maliyyə yardımı ilə məhdudlaşmamalı, həm də elmi nəticələrin geniş auditoriyaya çatdırılması, onların kitab və toplular şəklində nəşri kimi mühüm addımları əhatə etməlidir. Bununla yanaşı, elmi işçilərin sağlamlığının qorunması məqsədilə səyyar tibbi aksiyaların mütəmadi keçirilməsi, profilaktik müayinələrin təşkili, həmçinin sosial rifahı gücləndirən digər layihələrin dəstəklənməsinin yeni islahatlar nəticəsində daha da çoxaldılmasına əmin olduğunu deyib. Qeyd edib ki, bu kimi təşəbbüslər alimlərin yaradıcılıq potensialını artırmaqla yanaşı, onların iş şəraitini yaxşılaşdıracaq və elmi mühitdə davamlı inkişafı təmin edəcək.

AMEA Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud çıxışında əməyin mühafizəsi sahəsində kadr hazırlığının gücləndirilməsinin vacibliyini vurğulayıb. O, bu istiqamətdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təcrübəsinin və metodiki dəstəyinin Akademiya üçün mühüm əhəmiyyət kəsb etdiyini, peşəkar mütəxəssislərin hazırlanması ilə əmək şəraitinin təhlükəsizliyinin daha etibarlı şəkildə təmin olunacağını bildirib. Aynur Mahmud çıxışında, eyni zamanda, alimlərin sosial rifahı ilə bağlı məsələlərə də toxunaraq, onların mənzil şəraitinin yaxşılaşdırılmasının, uzun illər elmi fəaliyyət göstərən əməkdaşlara isə güzəştli ipoteka və digər dəstək mexanizmlərinin tətbiq olunmasının zəruriliyini diqqətə çatdırıb.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev çıxışında gənc alimlərin sosial rifahının gücləndirilməsinin, onların elmi fəaliyyətinə və yaradıcılığına dəstəyin vacibliyinə diqqət çəkib. O, xüsusilə yay məktəblərinin və ixtisaslaşmış təlimlərin təşkilinin əhəmiyyətinə toxunaraq, bu tədbirlərin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə həyata keçirilməsinin gənc alimlərin peşəkar inkişafına böyük töhfə verəcəyini qeyd edib. Alim bu addımların gənc alimlərin həm motivasiyasını, həm də elmi yaradıcılıq potensialını artırmaqla AMEA-nın ümumi elmi fəaliyyətinin səmərəliliyini yüksəldəcəyini bildirib. Son illər AMEA AHİ tərəfindən bu istiqamətdəki layihələrin mühüm əhəmiyyət kəsb etdiyini, uğurlu nailiyyətlərin əldə olunduğunu bildirib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əməyin və sağlamlığın mühafizəsi şöbəsinin müdiri Adil Rəhimli çıxışında təmsil etdiyi qurumun həyata keçirdiyi layihələr və təşəbbüslər barədə ətraflı məlumat verib. O, bildirib ki, Konfederasiya əmək mühitində təhlükəsizliyin təmin edilməsi, risklərin səmərəli idarə olunması və təhlükəsizlik mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində sistemli iş aparır. Xüsusilə vurğulayıb ki, Konfederasiya Böyük Britaniyanın peşəkar təhlükəsizlik və sağlamlıq üzrə beynəlxalq statuslu IOSH İnstitutu ilə əməkdaşlıq çərçivəsində mütəmadi birgə təlimlər və seminarlar təşkil edir. Adil Rəhimli qeyd edib ki, iclasda səsləndirilən fikir və təkliflər nəzərə alınaraq, bu istiqamətdə Konfederasiyanın dəstəyi və təşəbbüsləri bundan sonra da davam etdiriləcək. 

İclasda çıxış edən digər iştirakçılar da sosial rifah məsələlərini ön plana çəkərək, AMEA əməkdaşlarının həyat şəraitinin yaxşılaşdırılması, mənzil problemlərinin həlli və elmi işçilərin sağlamlıq vəziyyətinin qorunması kimi mövzuların vacibliyini diqqətə çatdırıblar. Vurğulanıb ki, AMEA-da çalışan imtiyazlı kateqoriyaya aid şəxslərə, o cümlədən Vətən müharibəsi qazilərinə və şəhid ailələrinin üzvlərinə həmkarların dəstəyi prioritet məsələlərdəndir. Onların sosial müdafiəsinin gücləndirilməsi, qayğı ilə əhatə olunması, iş və gündəlik həyatlarında dəstəyin göstərilməsi elmi ictimaiyyətin borcu kimi dəyərləndirilib. Bu yanaşmanın həm mənəvi, həm də praktiki səviyyədə davam etdirilməsinin vacibliyi vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: