AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki Regional Bölməsinin birgə təşkilatçılığı ilə “Dinlər sülhə, qarşılıqlı anlayışa çağırır” mövzusunda tədbir keçirilib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində baş tutan tədbiri giriş sözü ilə Şəki Regional Elmi Mərkəzin elmi işlər üzrə direktor müavini fil.e.d., dos. Kamil Adışirinov açıb. O, ölkəmizdə dinlərarası qarşılıqlı hörmət, həmrəylik və etimad mühitinin möhkəmlənməsində sülh çağırışçısı olan Ümummilli Lider Heydər Əliyevin rolunu xüsusi qeyd edib və bu mühitin digər ölkələr üçün nümunə olduğunu diqqətə çatdırıb.
Kamil Adışirinov tədbirin keçirilməsində əsas məqsədin İslam həmrəyliyinin gücləndirilməsi, sülhə çağırış istiqamətində insanların maarifləndirilməsi olduğunu bildirib.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki Regional Bölməsinin aparıcı məsləhətçisi Saleh Məmmədov çıxış edərək Azərbaycanda digər dinlərin nümayəndələrinə qarşı tolerant münasibət və müsəlmanlar arasındakı həmrəylikdən, ortaq dəyərlərdən, dinlərarası dialoqun əhəmiyyətindən, dinlərin verdiyi dünyəvi sülh mesajından, qarşılıqlı anlayış və xoşgörünün inkişafından danışıb, insanları sülh üçün birlikdə addımlamağa çağırıb.
O, həmçinin BMT-nin və dini liderlərin çağırışları, 1986-cı ildə keçirilmiş Vatikan konfransı, UNESCO layihələri barədə məlumatları diqqətə çatdırıb.
Saleh Məmmədov günümüzdə dinlərin sülhə töhfəsi istiqamətində İslam dünyası konfranslarının, xristian kilsələrinin dəstəyi və yəhudi camaatının layihələrinin xüsusi önəmi olduğunu bildirib.
Şəki REM-in Tarix və epiqrafika şöbəsinin böyük elmi işçisi f.ü.f.d. Ələddin Sultanov isə çıxışında günümüzdə dinlərə baxış tərzindən danışıb, dini radikalizmə, fanatizmə, terrorizmə qarşı mübarizədə tədbirin əhəmiyyətli rolu olduğunu vurğulayıb.
Daha sonra Şəki şəhər mərkəzi “Cümə” məscidinin imamı Müşfiq Xəlilov “Bütün dinlər sülhə çağırır” mövzusunda məruzə ilə çıxış edib. O, 21 sentyabr tarixinin bütün dünyada “Beynəlxalq Sülh Günü” kimi qeyd edildiyini diqqətə çatdırıb.
Məruzəçi ölkəmizdə və dünyada sülhün qorunub saxlanılmasında dövlət-din münasibətlərinin əhəmiyyətindən söz açıb, dövlət başçısı İlham Əliyev tərəfindən bu sahəyə həsasslıqla yanaşılaraq daim qayğı göstərildiyini vurğulayıb.
Müşfiq Xəlilov Azərbaycan Respublikasının dövlət siyasətinin regionda əbədi sülhün bərqərar olmasına yönəlməsini dövlət başçısının yorulmaz fəaliyyətinin nəticəsi olduğunu qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.