Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

11.09.2025 15:20
  • A-
  • A
  • A+

Akademik Yusif Məmmədəliyev Azərbaycan elminin yetirdiyi parlaq simalardandır

Akademik Yusif Məmmədəliyev Azərbaycan elminin yetirdiyi parlaq simalardandır

“Akademik Yusif Məmmədəliyev Azərbaycan elminin yetirdiyi parlaq simalardandır. Azərbaycanda neft kimyasının bünövrəsini yaratmış alimin qiymətli sənaye məhsullarının alınması üçün böyük tətbiqi əhəmiyyətə malik texnoloji proseslərin işlənib hazırlanmasında müstəsna xidmətləri vardır. Neft-kimya elmində mühüm hadisəyə çevrilən yüksək oktanlı aviasiya yanacaqları istehsalının yeni üsulunu kəşf etməsi Yusif Məmmədəliyevə şöhrət qazandırmışdır.”

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan elminə dünya şöhrəti gətirmiş, düşmən üzərində qələbədə müqayisəyə gəlməz rol oynamış görkəmli alim akademik Yusif Məmmədəliyevlə fəxr edirik. Fədakar alimin gərgin əməyi nəticəsində XX əsr Azərbaycan tarixinə ən şanlı və parlaq səhifələri yazıldı.

Görkəmli alim  Yusif Məmmədəliyev (Məmmədəliyev Yusif Heydər oğlu) 1926-cı ildə Azərbaycan Ali Pedaqoji institutunu bitirmiş, 1942-ci ildə kimya elmləri doktoru və professor, 1945-ci ildə Azərb. SSR EA-nın akademiki olmuşdur.

Azərb. SSR EA yarandıqdan (1945) sonra Neft İnstitutuna rəhbərlik etmişdir. 1951-54-cü illərdə Az.SSR EA Fizika, Kimya və Neft bölməsinin akad.-katibi, 1954-58 illərdə ADU-nun rektoru olmuşdur.

Yusif Məmmədəliyevin əsas elmi işləri neftin və neft qazlarının katalitik emalı sahəsindədir. Azərbaycanda neft kimyasının əsasını qoymuşdur. O, neft qazlarını, xüsusilə də metanı əvvəllər stasionar katalizator üzərində, sonralar isə qaynar təbəqədə xlorlaşdırmaqla, karbontetra-xlorid, metilxlorid, metilen-xlorid və s. qiymətli məhsullar alınması yollarını göstərmişdir.

Azərbaycan Astrofizika Rəsədxanası, Əlyazmaları Fondu, Sumqayıt Kimya Elmi Mərkəzi və digər müəssisələrin təşkili Y.Məmmədəliyevin adı ilə bağlıdır. Onun yaratdığı Azərbaycan neft-kimya məktəbi respublikadan çox-çox uzaqlarda tanınır.

Yusif Məmmədəliyev Lenin ordeni, Qırmızı Əmək Bayrağı və Şərəf nişanı ordenləri, həmçinin başqa medallarla təltif edilmişdir.

Yusif Məmmdəliyev kimi görkəmli alim Akademiyanın prezidenti olduğu dövrdə Azərbaycan SSR EA-nın inkişafının istiqamət­ləndirilmə­sində, yeni elmi-tədqiqat institutları­nın, bölmə və şöbə­lərin yaradılmasında, elmin ən perspektivli sahələrinin Azər­­bay­canda təşkil edilməsində, çoxsaylı xəritələrin və monoqrafiyaların çapdan çıxmasında, xeyli sayda fəlsəfə və elmlər doktorunun, yüksəkixtisaslı kadrların hazırlanmasında, ümumilikdə elmin inkişafında mühüm xidmətlər göstərmişdir.

Cənab Prezident İlham Əliyev akademik Yusif Məmmədəliyevin nailiyyətlərini yüksək qiymətləndirmişdir: Akademik Yusif Məmmədəliyev Azərbaycan elminin yetirdiyi parlaq simalardandır. Azərbaycanda neft kimyasının bünövrəsini yaratmış alimin qiymətli sənaye məhsullarının alınması üçün böyük tətbiqi əhəmiyyətə malik texnoloji proseslərin işlənib hazırlanmasında müstəsna xidmətləri vardır. Neft-kimya elmində mühüm hadisəyə çevrilən yüksək oktanlı aviasiya yanacaqları istehsalının yeni üsulunu kəşf etməsi Yusif Məmmədəliyevə şöhrət qazandırmışdır.”

Cənab İlham Əliyevin 5 iyul 2025-ci il tarixli Sərəncamı ilə akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinin qeyd olunması Prezidentimizin alimə verdiyi qiymətin ən bariz nümunəsidir. Bu Sərəncam görkəmli akademikin 90 illik yubileyi keçirilərkən Ulu Öndər Heydər Əliyevin çıxışını xatırladır: “Yusif Məmmədəliyev heç vaxt unudulmayacaq, zaman keçdikcə onun Azərbaycan xalqının tarixindəki yeri daha da açıq görünəcəkdir və insanlar, gələcək nəsillər Azərbaycanın belə şəxsiyyətləri ilə fəxr edəcəklər. Yusif Məmmədəliyevin həyatı, yaradıcılığı, əsərləri və qoyduğu böyük elmi irs Azərbaycan xalqının tarixinin böyük bir fəslidir, hissəsidir, parçasıdır. Bu insan öz zəkası, biliyi, istedadı, fədakarlığı, elmi ixtiraları ilə, elmi əsərlər yaratmaqla, həm də ümumən Azərbaycan elmini təşkil etmək, inkişaf etdirmək sahəsindəki fəaliyyəti ilə Azərbaycan xalqının tarixinə daxil olmuşdur. Ona görə biz bu gün də Yusif Məmmədəliyevin xidmətlərini böyük məmnuniyyətlə xatırlayırıq və onun parlaq siması, əziz xatirəsi qarşısında baş əyirik. Yusif Məmmədəliyev həddindən artıq mədəni və eyni zamanda çox təvazökar bir insan idi, millətini, xalqını həddindən artıq sevən bir adam idi, vətənpərvər bir insan idi, Vətəni haqqında, milləti haqqında, xalqı haqqında daim düşünən bir insan idi. Bu insanın siması həm zahirdən, həm də daxildən onun nə qədər yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirirdi. O, sözün əsl mənasında ziyalı idi”.

Yusif Məmmədəliyevin tələbələrə göstərdiyi qayğı yetirmələrinin xatirində əbədi qalacaqdır.

Misilsiz və əvəzsiz xidmətlərinə görə Y.Məmmədəliyev Azərbaycanın ilk kimyaçı akademiki, Bakı Dövlət Universitetinin rektoru, iki dəfə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. Yusif Məmmədəliyev Bakı Dövlət Universitetinin elmi tərəqqisi üçün həddən artıq çalışırdı.

Yusif Məmmədəliyevin Azərbaycan elminin təşkili, dünya elminə inteqrasiyası sahəsində əvəzsiz xidmətləri olub. Məşhur alim Y.H.Məmmədəliyev 1942-ci ilin şaxtalı qış aylarında bir qrup kimyaçı mütəxəssislə birlikdə 28 sutka ərzində laboratoriya binasından çıxmadan gərgin axtarışlar aparmış, nəhayət, oktan ədədi 100-ə bərabər olan yüksək keyfiyyətli aviasiya yanacağı istehsalının texnologiyasını yaratmışdı. Y.H.Məmmədəliyevin müharibə illərində apardığı tədqiqatlar  neft-kimya elminin və sənayesinin daha da inkişaf etməsinin əsasını təşkil edirdi. Akademik Y.Məmmədəliyev dünyada ilk dəfə Azərbaycan nefti və təbii qazlarının tədqiqinə başlayıb.

Görkəmli alim heç vaxt unudulmayacaq, Azərbaycan xalqının tarixindəki yeri daim görünəcək.

“Dünyaya rahatlıq tapmaq üçün gəlmədim mən”, - söyləyən akademik Yusif Məmmədəliyevin “Etiraf” adlı şeiri alimin ədəbiyyat vurğunu olduğunu da göstərir.

Oxudum Şərqin ustad şairlərini –
Camini, Hafizi, Xəyyamı, Sədini
Küsdüm taleyimdən, küsdüm dünyamdan
Nədən şair yaratmadı məni Yaradan?..

...Yetirdim əlimi elmin camına,
Düşdüm kimyanın torgirdabına.
Toru doğrayıb aça bilmədim,
Kimya tilsimindən çıxa bilmədim.

Bu il 120 illik yubileyi qeyd olunan akademik Yusif Məmmədəliyev 56 il ömür sürməsinə baxmayaraq, əsrlərə bərabər ixtiralar, kəşflər sayəsində gələcək nəsillər tərəfindən əziz xatirəsi hər zaman fəxrlə yad ediləcək.

Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: