Bu gün Hüseyn Cavidin Ev Muzeyində Azərbaycanın böyük ədibi, dramaturq şairi Hüseyn Cavidin qızı Turan Cavidin anım günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə muzeyin direktoru v.i.e., fil.ü.f.d. Validə Həsənova açaraq milli kimliyimizin, soykökümüzün mühafizəkarı, Hüseyn Cavidin Ev Muzeyinin yaradıcısı Turan Caviddən bəhs edib.
Daha sonra sözü ədibin qızını yaxından tanıyan, tanınmış ədəbiyyatşünas, tənqidçi, publisist, fil.ü.f.d. Azər Turana verib. Turan Cavid haqqında öz xatirələrini bölüşən Azər Turan onun həyatının böyük bir fədakarlıq nümunəsi olduğunu bildirib. Turan xanımın Cavidlər irsinə, Azərbaycan ədəbiyyatına və mədəniyyətinə verdiyi dəyərli töhfələrdən, ömrünü atasının irsinə həsr etməsindən, Cavidlər irsini qorumaq və gələcək nəsillərə çatdırmaq üçün çəkdiyi əziyyətlərdən bəhs edib.
Sonra ekspozisiya zallarını gəzən tənqidçi eksponatlar haqqında da xatirələrini muzeyin əməkdaşları ilə bölüşüb.
Sonda tədbirin qonaqları publisist, fil.ü.f.d. Azər Turan, Bəhruz Kəngərli muzeyinin direktoru Səbinə Əlincəli, AMEA-nın Naxçıvan Bölməsinin Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktor müavini fil.ü.f.d. Elxan Məmmədov ilə birlikdə Turan Cavidin əziz xatərəsinə həsr edilmiş sərgiyə baxış keçirilib və xatirə şəkli çəkdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.