2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələ açdı. Bu müharibə təkcə torpaqlarımızın işğaldan azad olunması deyil, həm də xalqımızın milli iradəsinin, birlik və həmrəyliyinin simvolu oldu. Müharibənin ən uca zirvəsini isə şəhidlik məqamına ucalan qəhrəmanlarımız təşkil etdi. Şəhidlik anlayışı Azərbaycan xalqının milli və dini dəyərlərində hər zaman müqəddəs yer tutub. Vətən müharibəsi dövründə şəhidlik yalnız dini-mənəvi məfhum kimi deyil, həm də dövlətçilik, milli kimlik və azadlıq ideyalarının real təcəssümü kimi özünü göstərdi.
Bu müharibədə şəhid olan hər bir azərbaycanlı gənc, orta yaşlı, zabit və əsgər yalnız torpaqlarımızı deyil, həm də xalqımızın gələcəyini qorudu. Vətən müharibəsi şəhidləri xalqın yaddaşında qəhrəmanlıq simvolu kimi qalıb və qalacaqda. Onların həyatı və döyüş yolu milli kimlik formalaşmasının ayrılmaz hissəsinə çevrilib. Müharibədən sonra Azərbaycan gəncliyi arasında vətənpərvərlik ruhunun yüksəlməsi, milli birliyin güclənməsi birbaşa şəhidlərin örnəyi ilə bağlıdır.
Elmi baxımdan şəhidlik fenomeni kollektiv yaddaşın qorunması, tarixi ədalətin bərpası və milli ideologiyanın möhkəmlənməsində strateji rol oynayır. Bu gün məktəblərdə, universitetlərdə şəhidlərin həyat yolu öyrənilir, onların qəhrəmanlığı ədəbiyyatda, sənətdə və ictimai diskursda geniş şəkildə təbliğ olunur. Azərbaycan dövləti Vətən müharibəsi şəhidlərinin xatirəsini uca tutur. Onların ailələrinə göstərilən sosial dəstək, şəhidlərin adlarının küçələrə, məktəblərə, mədəniyyət ocaqlarına verilməsi milli ideologiyanın bir hissəsinə çevrilib. Bu addımlar şəhidlik məfhumunun dövlətçilik konsepsiyasında mühüm yer tutduğunu sübut edir. Vətən müharibəsi şəhidləri yalnız torpaqlarımızın azad edilməsində deyil, həm də milli ruhun yüksəlişində əvəzsiz rol oynayır. Onlar xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifə yazaraq gələcək nəsillərə azadlıq, qürur və birlik miras qoydular.
Azərbaycan xalqı üçün şəhidlər heç vaxt unudulmayacaq - onlar milli yaddaşda əbədi yaşayacaq və hər zaman Vətən sevgisinin simvolu olacaq. Bu şanlı zəfərdə canını Vətən torpağı uğrunda fəda edən şəhidlərimiz, sağlamlığını qurban verən qazilərimiz daim ehtiramla anılmalıdır. Mən də bir vətəndaş, bir qələm sahibi olaraq bu müqəddəs amal uğrunda öz töhfəmi verməyə çalışmışam. Vətən müharibəsi zamanı qazandığımız zəfərə həsr etdiyimiz Zəfər Tv kanalımız fəaliyyətə başladı. Zəfər Tv-nin 19.08.2021-ci il ilk yayımında qətiyyətli Ali Baş Komandanın rəhbərliyi sayəsində Müzəffər Azərbaycan Ordusunun şücaəti ilə böyük qələbə salnaməsinin qazandığı uğura həsr edilmiş verlişlə çıxdıq.
Azərbaycan xalqının şanlı tarixi qəhrəmanlıq və mübarizə ənənələri ilə zəngindir. Bu tarixdə 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi xüsusi yer tutur. Müharibə yalnız torpaqlarımızın azadlığı ilə nəticələnmədi, həm də şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın, qazi adını şərəflə daşıyan igidlərimizin misilsiz fədakarlığını tarixə həkk etdi. Bu igidlərin xatirəsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi cəmiyyətimizin müqəddəs borcudur.
Müharibədən sonrakı dövrdə mən də bir vətəndaş olaraq bu müqəddəs amal naminə müxtəlif fəaliyyətlər həyata keçirməyi özümə müqəddəs borc bilmişəm. Vətənə məhəbbət hislərinin yüksəldilməsi, uzun illər həsrətində olduğumuz vətən torpağının səfalı yaylaqlarını, meşələrini, İkinci Qarabağ müharibəsində rəşadətli ordumuzun şanlı qələbəsində nümayiş etdirdikləri şücayətin gənc rəssamların gözü ilə hər kəsə çatdırılmasından ibarət “Xarıbülbül”, “II Xarıbülbül” “Gəncliyimiz gələcəyimizdir”, “Bilik yarışı” rəsm və əl işlərindən ibarət Ümumrespublika yaradıcılıq müsabiqələrin təşkilatçısı olaraq qürur duymuşam. Qarabağın rəmzi olan Xarıbülbül mövzusunda rəsm müsabiqələrinin təşkili ilə gənclərin yaradıcılığını Vətən müharibəsi ruhunda formalaşdırmağa çalışmışam. Bu müsabiqələr gənc nəslin milli dəyərlərə bağlılığını gücləndirməklə yanaşı, şəhidlərimizin əziz xatirəsinə də həsr olunmuş mənəvi layihələrdir.
Bu fəaliyyətlərin hər biri yalnız informativ deyil, həm də tərbiyəvi əhəmiyyət daşıyır. Çünki şəhidlərimizin həyat yolunun işıqlandırılması – gənclərə vətənpərvərlik nümunəsi, qazilərimizin dözümlülüyü isə mərdlik dərsidir.
Şəhidlərin adının uca tutulması, qazilərin qəhrəmanlığının cəmiyyətə çatdırılması və milli yaddaşın qorunması – hər bir vətəndaşın müqəddəs borcudur. Həyata keçirdiyim 200 dən çox çəkilişlər, mətbuat çıxışları, tədbirlərdə iştirakım və “Xarıbülbül” mövzusunda rəsm əl işləri müsabiqələrinin təşkili bu müqəddəs vəzifənin bir hissəsi kimi dəyərləndirilə bilər.
Bu gün biz qalib xalq olaraq azad və suveren Azərbaycanda yaşayırıqsa, bu, şəhidlərimizin qanı, qazilərimizin mübarizliyi sayəsində mümkün olmuşdur. Onların adını yaşatmaq isə yalnız dövlətin deyil, bütün cəmiyyətin üzərinə düşən mənəvi məsuliyyətdir. Dünyada baş verən müharibələrin təcrübəsi göstərir ki, qüdrətli ordunun mövcudluğu, xalqla birliyi, dövlətin siyasi, iqtisadi qüdrəti, insanların həmrəyliyi və mübarizlik əhval-ruhiyyəsi istənilən qələbənin qazanılması üçün baslıca şərtdir. Bu sınanmış hikməti hakimiyyətə gəldiyi ilk gündən siyasətinin əsas istiqamətləri kimi həyata keçirən Prezident İlham Əliyev dünyanı idarə edən dövlət başçıları arasında liderlik mövqeyini möhkəmləndirdi, daim irəliyə baxdı. Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində apardığı siyasəti, islahatları müasir dövrün tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyev Ali Baş Komandan kimi ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsinə, Silahlı Qüvvələrimizin ən müasir silah-sursatla, hərbi avadanlıqlarla təmin olunmasına xüsusi diqqət yetirməklə qələbə əzmində olan ordu formalaşdırdı.
Şəhidlik uca bir zirvə olmaqla yanaşı, həm də bir məktəbdir. Elə bir məktəb ki, biz o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. Hər dəfə şəhid məzarlarını ziyarət edərkən zirvənin əlçatmaz olduğu qədər də qürurverici bir məqam olduğunu dərk edirik. Bu gün hər bir ölkə vətəndaşı "Bu Vətən bizimdir" deyib canını Azərbaycanımızın ərazi bütövlüyü naminə qurban verən igid və mərd oğullarını yaxından tanımalı, onların əziz xatirələrini həmişə yad etməlidir. Şəhidlərimiz hər zaman bizim qəlbimizdədir, onlar ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq! Unutmayaq ki, onlar ən ali qürur mənbəyimizdir.
Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu illər ərzində bir çox tarixi hadisələr baş verir. Bəziləri müəyyən dövrdən sonra yaddaşlardan silinir, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. Qərinələr ötsə də, nəsillər bir-birini əvəz etsə də, öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən Əli kimi oğul və qızlarımız heç vaxt unudulmurlar. Ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Uca Yaradanın, Vətənin, xalqın yolunda canlarını fəda edənlər hər zaman hörmətə layiqdirlər. Hər kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini də Vətən torpağında atır və torpaq sevgisinin hərarətini də elə bu zaman duyur. Bu hərarət zaman keçdikcə o qədər artır ki, insan bir an da belə Vətənsiz yaşaya bilmir. Bu amal uğrunda gözünü qırpmadan, ölümün gözünə dik baxan Vətən övladlarını yad etmək, xatirələrini əziz tutmaq hər birimizin ən müqəddəs borcudur. Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəslə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvərlik ruhunda böyütmək, torpağına bağlı, xalqına hörmət hissi ilə tərbiyə etmək isə hər bir ölkə vətəndaşının ən öndə vəzifəsidir.
Çox böyük qanlar bahasına əldə etdiyimiz müstəqilliyimizi qorumağa hamımız borcluyuq.
Ulu öndərimiz Heydər Əliyev “Müstəqilliyimiz daimidir, əbədidir, dönməzdir!” - dedi və bu çağırış nidalarını əmələ çevirdi. Müstəqilliyimizin əldə edilməsində, qorunmasında və daha da möhkəmlənməsində bu dahi şəxsiyyətin xidmətləri əvəzsizdir. Respublikamızda aparılan uğurlu islahatlar, atılan müdrik addımlar nəticəsində böyük qanlar hesabına əldə etdiyimiz müstəqilliyimiz daha da möhkəmlənir, daha da dönməz olur, əbədilik qazanır... Həqiqət olan budur ki, Azərbaycan dünyaya artıq Günəş kimi doğmaqdadır...
Tünzalə ZEYVƏLİYEVA, AR ETN Dendrologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Həmkarlar Təşkilatının sədri
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.