Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə Dövlət Suverenliyi Gününə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi: Müstəqil və Suveren Azərbaycan” adlı lektoriya keçirilib.
Tədbirdə tanınmış ziyalılar, AMEA-nın YAP ərazi partiya təşkilatlarının sədrləri, Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Ulu Öndər Heydər Əliyev və Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov tədbiri giriş nitqi ilə açaraq Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamını vurğulayıb və dövlətimizin, xalqımızın tarixində ən parlaq səhifələrdən biri olan bu gün münasibətilə bütün tədbir iştirakçılarını təbrik edib. Direktor AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin bu lektoriyalara böyük önəm verdiyini və daim dəstəklədiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev öncə “Konstitusiya və Suverenlik İli” və onun əhəmiyyəti haqqında məlumat verib. Müstəqil Azərbaycanın möhkəmlənməsi Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri ilə bağlı olduğunu bildirən çıxışçı qeyd edib ki, xalqımız böyük qürur hissi ilə bu ili müəllifi Ümummilli Lider olan Milli Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbənin 5-ci ildönümünü təntənə ilə qeyd edir.
AMEA Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov çıxışında XX əsrin 90-cı illərində baş verən siyasi hadisələr fonunda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı xalqı və dövləti parçalanmaq təhlükəsindən xilas edərək, dövlətçilik ənənələrininin möhkəmləndirdiyini qeyd edib. Sənan Həsənov onu da vurğulayıb ki, məhz 1994-cü ilin bu günü "Əsrin müqaviləsi"nin imzalanması ilə respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi yazılıb.
Fəlsəfə və Sosiologiya İnstitutu İdrak nəzəriyyəsi və məntiq şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Tam suverenlik daxili və xarici suverenliyin vəhdəti kimi” adlı məruzə ilə çıxış edib. Alim müstəqil dövlət quruculuğunun əsas əlamətlərindən biri olan suverenliyin tarixi əhəmiyyətini vurğulayıb, daxili və xarici suverenlik anlayışını xarakterizə edib. Məruzəçi XX əsrin sonlarında Azərbaycanda gedən siyasi proseslər prizmasından yanaşaraq qeyd edib ki, ölkəmizdə daxili suverenliyin təmin olunmasında xarici suverenlik ciddi rol oynayıb.
Ulu Öndər Heydər Əliyevin 1994-95-ci illərdə demokratik, hüquqi, sosial dövlət quraraq Azərbaycan dövlət prinsiplərini bütün dünyaya bəyan etdiyini vurğulayıb. Dövlət müstəqilliyinin yalnız siyasi və iqtisadi göstəricilərlə məhdudlaşmadığını, həm də milli kimliyin qorunması, ideoloji müstəqillik və beynəlxalq arenada bərabərhüquqlu tərəfdaşlıqla ölçüldüyü qeyd edilib. Onun sözlərinə görə, Heydər Əliyevin həyata keçirdiyi strategiya Azərbaycanı məhz bu mənada tam suveren dövlətə çevirib. O Ulu Öndərin dövlətçilik fəlsəfəsindən, regional, eləcə də qlobal siyasətindən danışaraq bu addımların müasir Azərbaycanın möhkəm bünövrəsinin formalaşdırdığını, Azərbaycanın milli ideyası-ərazi bütövlüyünün bərpa olunması təməlinin qoyduğunu bildirib.
MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova - Hüseynova MEK-də lektoriyaların artıq 5 ildir ki, keçirildiyini və bu lektoriyanın sayca 17-ci olduğunu qeyd edib. Çıxışçı müstəqil və suveren Azərbaycan xalqımızın tarixi arzularının gerçəkləşməsində, Ulu Öndər Heydər Əliyevin ideyalarının ən möhkəm dayağımız olmasından, Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin ideyaların uğurla həyata keçirilməsindən danışıb.
Lektoriyanın sonunda qonaqlar Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu siyasi kursunu əks etdirən kitab sərgisi ilə tanış olublar. Sərgidə müxtəlif illərdə nəşr olunmuş kitablar, sənədlər və foto materiallar iştirakçıların diqqətinə təqdim edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.