Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.09.2025 13:56
  • A-
  • A
  • A+

Gəncə Bölməsində “Neft məhsulları və sənaye tullantılarının ekoloji problemləri” mövzusunda respublika konfransı keçirilib

Gəncə Bölməsində “Neft məhsulları və sənaye tullantılarının ekoloji problemləri” mövzusunda respublika konfransı keçirilib

AMEA-nın Gəncə Bölməsində akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinə həsr olunan respublika elmi konfransı keçirilib.

“Neft məhsulları və sənaye tullantılarının ekoloji problemləri” mövzusundakı konfrans Azərbaycan respublikası Elm və Təhsil Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, AMEA-nın Gəncə Bölməsi və ETN Ekologiya və Təbii Ehtiyatlar İnstitutu tərəfindən təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsinin anılması ilə başlayıb.

AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev giriş sözündə konfransın iştirakçılarını və qonaqlarını salamlayaraq, bugünkü mötəbər elmi foruma  Bakı və Gəncənin ekologiya, üzvi və qeyri-üzvi kimya, neft kimyası, biologiya və digər sahələr üzrə fəaliyyət göstərən elmi-tədqiqat və ali təhsil müəssisələrinin alim və mütəxəssislərinin qatıldığını, bu baxımdan, təqdim olunmuş məruzələrin ətraf mühitin qorunması üzrə çoxşaxəli aktual məsələləri əhatə etdiyini bildirib.

Akademik Fuad Əliyev konfransın ölkə başçısı cənab İlham Əliyevin böyük alimimiz Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinin qeyd edilməsi haqqında Sərəncamının işığında gerçəkləşdirildiyini vurğulayıb. O, Yusif Məmmədəliyevin, eləcə də onunla çiyin-çiyinə çalışmış Əli Quliyev və digər böyük alimlərimizin yaratdığı elmi məktəbin bu gün də davam etdirildiyini qürur doğuran hal kimi qiymətləndirib.

Tədbirin aparıcısı, AR ETN Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun direktoru, kimya üzrə fəlsəfə doktoru, dosent Mahirə Şərifova iştirakçıları konfransın proqramı, onun bölmələrinin istiqamətləri və gedişatı ilə tanış edib.

Sonra konfransın plenar iclası başlayıb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun professoru, AMEA-nın müxbir üzvü Rusiya Tədqiqat Elmləri Akademiyasının Elm və Təhsil Xadimi Valeh Cəfərov, Gəncə Dövlət Universitetinin Ekologiya və təbiətin mühafizəsi kafedrasının müdiri, biologiya elmləri doktoru, professor Sevda Əhmədova, həmin universitetin Kimya-biologiya fakültəsinin dekanı, kimya elmləri doktoru, professor İsfəndiyar Alverdiyev, Bioresurslar İnstitutunun (Gəncə) direktoru, kimya üzrə fəlsəfə doktoru, dosent İmran Qasımov, Aqrar Problemlər İnstitutunun direktoru Sədaqət Adıgözəlova, Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əməkdaşı, kimya üzrə fəlsəfə doktoru Xuraman Əfəndiyeva və digər alim və tədqiatçılar çıxış ediblər.

Sonra konfrans öz işini “Kimya sənayesi tullantıları və təkrar emalı”, “Qida və yüngül sənaye tullantılarının ekologiyası” və “Ekoloji təmiz bioenerjinin alınması” adlı bölmə üzrə davam etdirilib.

Konfransın yekununda aktual mövzulardakı məruzələrinə görə iştirakçılara sertifikatlar təqdim olunub.   

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: