Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.09.2025 11:52
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda “Milli Musiqi Günü” münasibətilə tədbir keçirilib

Əlyazmalar İnstitutunda “Milli Musiqi Günü” münasibətilə tədbir keçirilib

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan musiqi mədəniyyətinin bünövrəsini qoymuş, Şərqdə ilk opera və musiqili komediyanın müəllifi, görkəmli bəstəkar, pedaqoq və publisist Üzeyir Hacıbəylinin 140 illiyi və “Milli Musiqi Günü” münasibətilə tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə açan institutun direktoru akademik Teymur Kərimli Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, ictimai xadim Üzeyir Hacıbəylinin çoxşaxəli yaradıcılığından, onun yüksək mənəvi dəyərə malik irsindən bəhs edib. Bildirib ki, Ü.Hacıbəyli parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına və ümumiyyətlə Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr vermiş, novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan bu görkəmli şəxsiyyətin milli musiqimizdə köklü dönüş yaratmış əsl dahi olduğunu diqqətə çatdıran alim çıxışında Hacıbəylinin musiqisinin Azərbaycan xalqının ruhunu, ədəbiyyatını və tarixini mükəmməl şəkildə əks etdirdiyini vurğulayıb. Daha sonra çıxış üçün sözü məruzəçilərə verib.

Beynəlxalq əlaqələr şöbəsinin müdiri tarix ü.f.d., dosent Nigar Babaxanova, Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri fil.e.d., dosent Nailə Səmədova, həmin şöbənin böyük elmi işçisi Aytən İmanova və elmi işçisi Xanımbacı Məlikzadə, Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Yeganə Rəhnulla mövzuya uyğun məruzələrində Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin arxiv materiallarından, Üzeyir Hacıbəyli yaradıcılığında gender bərabərliyi məsələlərindən, bəstəkarın ictimai-siyasi fəaliyyətindən, onun milli musiqimizə xidmət edən zəngin və qiymətli ədəbi irsindən, o cümlədən müəllifi məlum olan musiqi əsərlərinin əlyazma nüsxələrindən bəhs edib, çıxışlarında Üzeyir bəyin zəngin yaradıcılığına dair maraqlı faktlarla bölüşüblər.

Tədbirin sonunda iştirakçılar Əlyazmalar İnstitutunun Kitabxanası və Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin “Milli Musiqi Günü” münasibətilə hazırladıqları “Üzeyir Hacıbəyli – 140” adlı sərgi ilə tanış olublar. Sərgidə görkəmli bəstəkarın əlyazmaları və musiqi əsərləri, elmi-publisistik materialları, portreti və fotoları nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: