Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

25.09.2025 10:10
  • A-
  • A
  • A+

Akademik Mustafa Topçubaşovun gələcək nəsillər üçün qoyduğu irs

Akademik Mustafa Topçubaşovun gələcək nəsillər üçün qoyduğu irs

 

Mustafa bəy Topçubaşov nadir bir sima və nadir bir insan olmuşdur. Mustafa bəy Topçubaşov nə qədər təvazökar, nə qədər insan adam olubdur. Yüz minlərlə adamın həyatını xilas edibdir, onlara şəfa veribdir. Xəstəliklərdən xilas edibdir, yaşadıbdır, nə qədər insana tərbiyə veribdir, təhsil veribdir və nəhayət, onun ən yüksək keyfiyyəti bundan ibarətdir ki, öz siması ilə, öz şəxsiyyəti ilə, öz həyat yolu və yaradıcılığı ilə bizim üçün - bugünkü və gələcək nəsillərimiz üçün böyük bir nümunə yaradıbdır. Bu, böyük bir sərvətdir.

Azərbaycan xalqının Ümummilli Lideri

  Heydər ƏLİYEV

Görkəmli alim, tibb elmləri doktoru, SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Akademik Mustafa Topçubaşovun anadan olmasının 130 illiyinin qeyd edilməsi haqqındaSərəncamı cənab Prezident İlham Əliyevin Azərbaycan elminə verdiyi qiymətin təzahürüdür. Dövlət başçısının Sərəncamında Topçubaşova verilən dəyər diqqəti cəlb edir: Akademik Mustafa Topçubaşov çoxşaxəli və dolğun fəaliyyəti ilə ziyalılığın parlaq nümunəsini yaratmış böyük nüfuza malik şəxsiyyətdir. O, Azərbaycan tibb elminə mühüm nailiyyətlər qazandırmış, tibb təhsili və səhiyyə sisteminin müasir əsaslar üzərində qurulması işinə misilsiz töhfələr vermişdir.

Mustafa Topçubaşov respublikada cərrahlıq elmi məktəbinin banilərindəndir. Professor Mustafa Topçubaşov və onun tələbələri hərbi cərrahiyyədə yeni, səmərəli metodlar işləyib hazırlamış, minlərlə yaralı döyüşçünü həyata qaytarmışdılar. Azərbaycan elminə dünya şöhrəti gətirmiş, düşmən üzərində qələbədə müqayisəyə gəlməz rol oynamış görkəmli alimlərlə bərabər, Mustafa Topçubaşovla fəxr edirik. Fədakar həkimin gərgin əməyi nəticəsində XX əsr Azərbaycan tibb tarixində ən şanlı və parlaq səhifələri yazılmışdır. Akademik Mustafa bəy Topçubaşov Azərbaycan Elmlər Akademiyasında akademik-katib, vitse-prezident vəzifələrində çalışmışdır. Akademik Mustafa bəy Topçubaşov 1949-cu ildə SSRİ Tibb Akademiyasının müxbir üzvü, 1960-cı ildə isə həqiqi üzvü seçilmişdir.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci ildə Elmlər Akademiyasının 30 illik yubileyinin keçirilməsi elm tariximizin parlaq hadisələrindən biridir. Eyni zamanda, görkəmli elm xadimlərindən Mustafa Topçubaşova o dövr üçün ən yüksək fəxri adlardan olan Sosialist Əməyi Qəhrəmanı adının verilməsi Azərbaycanda milli ziyalılığın daha da inkişaf etdirilməsi ilə bərabər, həm də elm amilinə marağı və diqqəti daha da qüvvətləndirmək məqsədi daşımışdır. Mustafa Topçubaşov və bir çox görkəmli şəxsiyyətlərin iz qoyub getdikləri bu elm məbədimiz öz şərəfli ömrünü ləyaqətlə yaşamaqdadır.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli görkəmli alimlə bağlı vurğulamışdır: Akademik Mustafa Topçubaşov qeyri-adi fitri istedada malik peşəkar həkim, cərrah, təbabət elminin sirlərini mükəmməl bilən, gözəl elm təşkilatçısı və kadr hazırlığında mühüm xidmətləri olan görkəmli şəxs, ictimai-siyasi xadim kimi qəbul olunur. Mustafa Topçubaşov respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri kimi anesteziologiyada ilk dəfə olaraq orijinal keyitmə üsulu istiqamətində ixtirasına görə həm Azərbaycanda, həm keçmiş SSRİ-də, həm də dünya səviyyəsində böyük şöhrətə malik olmuşdur. Akademikin 5 cildlik “Xüsusi cərrahlıq” kitabının, 8 monoqrafiyasının, 300-dək elmi işləri bizlərə elmi xəzinə kimi miras qalmışdır.

Ulu Öndər Heydər Əliyev akademik Mustafa Topçubaşovun xidmətlərini dəyərləndirməsi çıxışında diqqəti cəlb edir: Azərbaycan xalqının formalaşmasında, milli təfəkkürün inkişafında, xalqımızın ağır xəstəliklərdən qurtarmasında, elmimizin, təhsilimizin inkişafında böyük xidmətlər göstəribdir… O, böyük bir məktəb – cərrahlıq məktəbi, təbiblər məktəbi, alimlər məktəbi yaradıbdır… O, insanda mən həmişə nuranilik, alicənablıq, yüksək ziyalılıq gördüm. Bəzən mənə elə gəlirdi ki, Mustafa bəy Topçubaşov anadan ziyalı kimi doğulub…

Akademik Mustafa bəy Topçubaşov “Qızıl ulduz” ordeni, “Qafqazın müdafiəsinə görə”, “Almaniya üzərində qələbəyə görə”, “1941-1945-ci illər Böyük Vətən Müharibəsində rəşadətlə əməyə görə”, Lenin ordeni, Qırmızı Əmək Bayrağı, “Şərəf nişanı” ordenləri, döyüş orden və medalları, Bolqarıstanın III dərəcəli “Kiril və Medofiy” ordeni ilə eyni zamanda, “SSRİ Sanitar Müdafiəsi” fəxri adı və SSRİ Sanitar Müdafiəsi Əlaçısı” döş nişanı ilə təltif olunmuşdur.

Akademik Mustafa bəy Topçubaşovun qoyduğu irs biz gənclərə böyük bir örnək məktəbi olaraq daim yaşayacaqdır.

Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: