Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.09.2025 10:32
  • A-
  • A
  • A+

Fizika İnstitutunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib

Fizika İnstitutunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsinin ildönümü və Anım günü münasibətilə tədbir keçirilib.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirini giriş sözü ilə institutun baş direktoru, akademik Arif Həşimov açıb. Akademik Arif Həşimov çıxışında Vətən müharibəsinin Azərbaycan tarixindəki həlledici rolundan danışaraq xalqımızın qəhrəman övladlarının göstərdiyi şücaəti vurğulayıb. Beş il əvvəl – 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi xalqımızın tarixində dönüş nöqtəsi oldu. Azərbaycan xalqı həmin günlərdə öz torpaqlarının azadlığı, ərazi bütövlüyü uğrunda misilsiz birlik və əzm nümayiş etdirdi.

Akademik daha sonra 44 günlük Vətən müharibəsinin ölkəmizin dövlətçilik tarixində yeni bir mərhələ açdığını və bu qələbənin əldə olunmasında xalqın birliyi, ordumuzun gücü və möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli siyasətinin mühüm amil olduğunu xüsusi qeyd edib. Bu qələbə hər şeydən əvvəl Vətənə sonsuz məhəbbət bəsləyən igid oğul və qızlarımızın canı və qanı bahasına qazanıldı. Məhz onların qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızı qürurla dalğalandırırıq. Şəhidlərimizin müqəddəs xatirəsi qarşısında dərin ehtiramla baş əyir, onların ailələrinə və qazilərimizə bir daha minnətdarlığımızı bildiririk.

Fizika İnstitutu olaraq biz də elmi potensialımızı ölkəmizin inkişafına, elmi-texnoloji tərəqqisinə yönəltmək əzmindəyik. Elmimizin hər bir uğuru eyni zamanda şəhidlərimizin bizə əmanət etdiyi Vətənə xidmət deməkdir.

Akademik Arif Həşimov çıxışının sonunda vurğulayıb ki, şəhidlərimizin ruhunu daim uca tutaq, onların qəhrəmanlığını gənc nəsillərə çatdıraq və birlik ruhumuzu qoruyaraq müstəqil Azərbaycanın daha da güclənməsi üçün çalışaq. Qoy üçrəngli bayrağımız daim azad və suveren Azərbaycanın səmasında qürurla dalğalansın!

Sonda tədbir iştirakçılarından AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva və fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abasova çıxış edərək vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını vurğulayıblar.

Tədbirdə Vətən müharibəsi dövründə əldə edilmiş tarixi nailiyyətlərə dair videoçarxlar nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: