Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) və onun Bakı bölməsində 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Milli qəhrəmanlıq və tarixi yaddaş” adlı tədbir keçirilib.
Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra rəsədxananın baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov çıxış edərək bildirib ki, müharibədən bir neçə il keçməsinə baxmayaraq, Ohanyan səddinin dağıdılması və 44 günlük Vətən müharibəsinin qələbəsi xalqın yaddaşında dərin iz qoyub. Bu qələbə son yüz ildə ölkəmizin ən böyük hərbi-siyasi uğurudur. Hal-hazırda isə Qarabağda intensiv təmir-bərpa işləri aparılır, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış həmvətənlərimizin öz yurd-yuvalarına qayıdışı mərhələli şəkildə təmin olunur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayığısının fonunda suveren Azərbaycanımız günü gündən çiçəklənəməyə davam edir. O vurğulayıb ki, rəsədxana rəhbərliyi də öz növbəsində müharibə iştirakçıları, həmçinin şəhid və qazi ailələrini daim diqqətdə saxlayır.
Elmi əlaqələr və təşkilati məsələlər şöbəsinin müdiri, f.r.ü.f.d. Kamal Hüseynov isə çıxışında Ali Baş Komandan İlham Əliyevin düzgün qərarlarının 44 günlük müharibədə, xüsusən də Xankəndinin 23 saat ərzində azad olunmasında həlledici rol oynadığını qeyd edib.
Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin müdiri, a.e.d. Canməmməd Rüstəmov Qarabağın işğal tarixlərini xatırladaraq, artıq hər il qələbə sevinci ilə Anım Gününü qeyd etdiyimizi bildirib. O, həmçinin Ermənistanın ərazi iddialarından tamamilə imtina edərək sülh müqaviləsinin imzalanacağına ümidvar olduğunu deyib.
Şamaxı bölməsində keçirilən analoji tədbirdə isə baş mühəndis Zaur Ağayev ölkəmizin qəhrəman oğullarının şücaətinin xalqın yaddaşında əbədi yaşayacağını vurğulayıb. O, Anım Gününün dövlət səviyyəsində qeyd olunmasının gənclərdə vətənpərvərlik ruhunun güclənməsinə xidmət etdiyini diqqətə çatdırıb.
Sonra ŞAR Həmkarlar İttifaqı Təşkilatının sədri Aynurə Həsənova müharibəyə qədərki dövrü müxtəlif aspektlərdən təhlil edərək tarixi, siyasi, hərbi, iqtisadi və sosial amillərə toxunub.
ŞAR Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Nazim Hüseynov isə öz nitqində ordumuzun yeni hərbi texnologiyalardan uğurla istifadəsi, Şuşa döyüşlərinin strateji əhəmiyyəti və xalqımızın birlik ruhunu xüsusi vurğulayıb. Qələbəni şərtləndirən əsas amillər kimi xalqın dövlət ətrafında bir yumruq kimi birləşməsi, hərbçilərimizin qəhrəmanlığı, düzgün seçilmiş hücum strategiyası, yeni texnologiyalardan səmərəli istifadə və informasiya müharibəsində qazanılmış nailiyyətləri iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra ŞAR-ın əməkdaşı, “Suqovuşanın azad edilməsinə görə” medalı ilə təltif olunmuş, Vətən müharibəsi iştirakçısı Fuad Cəlilov döyüş xatirələrini bölüşüb. O, Tərtər-Ağdam istiqamətində, eləcə də Talış və Suqovuşan kəndlərinin azadlığı uğrunda gedən ağır döyüşləri təsvir edərək, hər an təhlükə ilə üz-üzə qalan döyüşçülərin böyük qətiyyət göstərdiyini bildirib.
Sonda Şamaxı şəhidlər xiyabanı ziyarət olunub, qəhrəman şəhidlərin məzarlarına tər güllər düzülüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.