AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, YAP ərazi təşkilatı və Qadınlar Şurasının birgə təşkilatçılığı ilə “27 sentyabr - Anım Günü”nə həsr olunmuş “Şəhidlər - Ana torpağımızdakı silinməz izlər” adlı tədbir keçirilib.
Öncə Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş nitqi ilə institutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov açıb, çıxışında qəhrəman oğullarımızın 44 gün davam edən Vətən müharibəsində əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdiklərini vurğulayıb. Bildirib ki, bu gün haqq və şərəf işimiz olan, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman əsgər və zabitlərimizin, erməni vəhşiliyi nəticəsində dünyasını dəyişən günahsız mülki insanlarımızın xatirəsinin anıldığı bir gündür.
Daha sonra çıxış üçün söz məruzəçilərə verilib.
İnstitutun elmi katibi, YAP ərazi təşkilatının Əlyazmalar İnstitutu üzrə sədri tarix ü.f.d., dosent Aynur Hacıqədirli “Qələbəyə gedən yol: Vətən müharibəsi və “Anım Günü””, Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin kiçik elmi işçisi Sevinc Muxtarova “Qayıdan torpaqlar, qayıtmayan oğullar”, Türkdilli əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi Jalə Rüstəmova “Zəfər yolunun memarları” mövzularında məruzə edib, çıxışlarında mənfur düşmən üzərində əldə olunan qələbənin müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin, ordu və xalq birliyinin nəticəsi olduğunu qeyd ediblər.
Məruzələr ətrafında çıxış edən institutun Çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix e.d., dosent Tahirə Həsənzadə Azərbaycan xalqı və dövlət başçısının hər zaman mübariz oğul və qızlarımızın şücaətini yüksək qiymətləndirdiyini, bütün şəhidlərimizin ruhuna ehtiram göstərib, xatirəsini uca tutduğunu qeyd edib.
Tədbirin sonunda Əlyazmalar İnstitutunun Kitabxanasının “Anım Günü”nə həsr olunmuş, Vətən müharibəsində xalqımızın möhtəşəm qələbəsini əks etdirən kitab sərgisi nümayiş olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.