Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.09.2025 16:41
  • A-
  • A
  • A+

Vətən müharibəsi şəhidlərinə həsr edilən Anım günü keçirilib

Vətən müharibəsi şəhidlərinə həsr edilən Anım günü keçirilib

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Anım günü qeyd olunub.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib.

Yığıncağı giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən hər il 27 sentyabrın ölkəmizdə Anım Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. 2020-ci il sentyabr ayının 27-də başlayan ikinci Qarabağ müharibəsinin Böyük Zəfərə gedən yolun başlandığı gün kimi yadda qaldığını vurğulayıb. O, qeyd edib ki, Vətən müharibəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Ordumuzun əsgər və zabitləri ilə yanaşı, bütövlükdə xalqımız həmrəylik nümayiş etdirib və işğalçı düşmənə qalib gəlib. 

İnstitut rəhbəri təkcə torpaqlarımızı deyil, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi, o cümlədən tarixi abidələrimizi viran qoyan düşmənə layiqli cavab verildiyini diqqətə çatdırıb. Alim həmçinin qeyd edib ki, xarici KİV-lərə verdiyi müsahibələri ilə Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşında da həmçinin böyük qətiyyət göstərib. Müzəffər Ali Baş Komandanın ön cəbhədəki hərbi strategiya və taktikasının, eləcə də dünyanın aparıcı jurnalistlərinə verdiyi müsahibələrin ölkəmizin uğuru olduğunu bəyan edib. Bütün bunların Azərbaycanın kiçik coğrafi ərazidə yerləşməsindən asılı olmayaraq qüdrətli ölkə olduğunun sübutu olduğunu söyləyib. 

Tədbirdə Teatr, kino və televiziya şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məlahət Ağayeva “Qəhrəmanlıq mövzulu əsərlərin səhnə təcəssümü Azərbaycan teatrında”, Kulturologiya və incəsənətin nəzəriyyəsi şöbəsinin elmi işçisi Aynur Ələkbərova “Azad edilmiş ərazilərdə mədəni turizmin inkişaf perspektivləri” adlı məruzələrlə çıxış ediblər.

Çıxış edənlər 44 günlük Vətən müharibəsinin mədəniyyətdə təcəssümündən bəhs edib. Müharibəyə həsr olunan  əsərlərin səhnələşdirilməsindən, sosial-mədəni quruculuq və mədəni irsin bərpasından danışıb.

Xalqımızın hər zaman bütün şəhidlərimizin ruhuna ehtiram göstərdiyini, onların xatirəsini uca tutduğunu diqqətə çatdıriblar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: