Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunda Həmkarlar Təşkilatının təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev tədbiri giriş sözü ilə açaraq şəhidlərimizin qəhrəmanlığından, xalqın birliyindən və Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb. O, həmçinin institutun elmi və ictimai fəaliyyətində şəhidlərimizin xatirəsinin yaşadılması istiqamətində görülən işlərdən, eləcə də institut əməkdaşlarının Vətən müharibəsindəki iştirakından danışıb: “Suverenliyimiz daha da genişlənir - biz torpaqlarımızı ətraf mühitə zərər vermədən azad etdik. Bu, Vətənə olan sevgimizin və gələcəyə olan məsuliyyətimizin ifadəsidir”.
Daha sonra institutun icraçı direktoru fizika üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva çıxış edərək şəhidlərimizin xatirəsinin yaşadılmasının vacibliyini vurğulayıb. O, Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıqlardan bəhs edərək, əsgər və zabitlərimizin suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda nümayiş etdirdikləri şücaətlə bağlı qürur hissi keçirdiyini bildirib.
Tədbir şəhidlərimizin xatirəsinə həsr olunmuş videoçarxın nümayişi ilə başa çatıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.