Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

27.09.2025 14:12
  • A-
  • A
  • A+

Möhtəşəm Zəfər tariximizin yaradıcısı Ali Baş Komandan İlham Əliyevin Qələbəyə aparan strategiyası

Möhtəşəm Zəfər tariximizin yaradıcısı Ali Baş Komandan İlham Əliyevin Qələbəyə aparan strategiyası

“Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir.”

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEV

 

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Ölkə Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamında qeyd edilir: “Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.” Bu sözlər  Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. 

Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davra­nış modeli təqdim etdi, demokratiya­nın milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda, müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etməklə intellektual əsaslarda yeni demokratik modernist cəmiyyət formalaşdırdı, “neft kapitalını intelektual kapitala çevirək” devizi ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirməklə Azərbaycanın gələcək inkişafını təmin etdi.

Hazırda cənab Prezident İlham Əliyevin gərgin əməyi nəticəsində Azərbaycanın Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq, reallaşdırdığı enerji layihələri,  dünyada sülhyaratma prosesində fəal iştirakı bizləri qürurlandırır. Prezident İlham Əliyevin ordu quruculuğu səhəsindəki nailiyyətlərinin nəzərdən keçirilməsi Azərbaycan Ordusunun dünyanın ən qabaqcıl hərbi texnikası ilə təchiz edilməsi və modernləşdirilməsi istiqamətində aparılan işlərlə sıx bağlıdır. Məhz ölkədə hərbi sənayenin yaradılması və ordunun müasirləşməsi hərbi diplomatik sahədə qazanılan uğurlara zəmin yaradır. Qarabağ münaqişəsinin həlli istiqamətində qazanılan qələbələr Prezident İlham Əliyev tərəfindən ölkənin hərbi potensialının gücləndirilməsi və uğurlu siyasi diplomatiyası­nın vəhdəti nəticəsində mümkün olmuşdur.

İstər xarici ölkələrə rəsmi və işgüzar səfərlərində, istərsə də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşlərində Prezident diqqəti Azərbaycanın ən ağrılı problemi olan Qarabağ məsələsinə yönəldirdi. Prezident İlham Əliyevin Azərbaycan tarixi ilə bağlı irəli sürdüyü danılmaz faktlar hər bir vətəndaşımızın qarşısında real tarixin öyrənilməsi, tarixə məsuliyyətli münasibət kimi çox ciddi öhdəlik qoyur. Bəli, aparılan düzgün siyasət nəticəsində bu gün dünya məhz dövlət başçısı İlham Əliyevin konkret faktları, gətirdiyi dəlillərlə erməniliyin əsl mahiyyətini dərk edir və erməni ideologiyasının başlıca prinsiplərini başa düşür.

Prezident İlham Əliyevin qətiyyəti bir çox məsələlərdə Azərbaycana uğurlar qazandırdı. Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun qələbəsi buna misaldır. İlham Əliyev müdrik dövlət xadimi kimi Azərbaycanda ilk dəfə hərbi sənaye kompleksini yaratdı. Bu, başqa dövlətlərin ağır sənaye kompleksindən ölkəmizin asılılığını azaltmaq yolunda atılan məqsədyönlü addım idi. Azərbaycan Prezidenti İlham Əliyevin xarici ölkələrə səfərləri zamanı diaspor təşkilatları ilə görüşüb, söhbət etməsi, hər bir azərbaycanlının harada yaşamasından asılı olmayaraq Azərbaycanın bir parçası olması fikrini onlara təlqin etməsi unudulmaz anlardı.

Ulu Öndər Heydər Əliyevin ordu quruculuğunda həyata keçirdiyi işləri davam etdirən Ali Baş Komandan İlham Əliyev peşəkar zabitlərin yetişdirilməsinə xüsusi diqqət ayırırdı. Bu sahədə Türkiyə, İsrail, ABŞ və digər güclü orduları olan dövlətlərlə əməkdaşlıq gücləndirilmişdir. İxtisaslı zabitlərin hazırlanmasından əlavə, orduda xüsusi elit qoşun növlərinin yaradılmasına da əhəmiyyət verilmişdir. Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin mənsubları ABŞ və Türkiyədə keçirilən yarışlarda dəfələrlə qalib olmuşlar.

Vətən müharibəsi dövründə Cənab Prezidentin televiziya kanallarına verdiyi müsahibələr dünyanın dörd tərəfinə yayılan haqq səsimiz idi. Cənab Prezidentin dediyi kimi, “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır. ...Mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl, təkbətək vuruşaq. Baxaq, kim-kimdir?! Amma hər addım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik kim-kimdir”.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarını azad etmək üçün Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi.

Ali Baş Komandan İlham Əliyevin  İkinci Qarabağ müharibəsi dövründə 30-a qədər xarici KİV təmsilçilərinə, xüsusilə Türkiyənin "TRT Haber", "CNN Türk", "Haber Global",  "Habertürk", "NTV", "A Haber", Rusiyanın "Rossiya-1", "Pervıy Kanal", "RBK" kanalları, TASS,  "İnterfax",   "Ria Novosti" agentlikləri, Almaniyanın "ARD", Böyük  Britaniyanın "Sky  News", ABŞ-nin "Fox News", İspaniyanın  EFE televiziya kanallarının,   İtaliyanın "Rai1" televiziya kanalının və  "la Repubblica" qəzetinin, Fransanın "France 24"  televiziya kanalı və  "Le Figaro" qəzetinin, Yaponiyanın "Nikkei" qəzeti, o cümlədən nüfuzlu "Euronews",  CNN,  "BBC News", "Al Jazeera", "Al Arabiya" televiziya kanallarının müxbirlərinə verdiyi müsahibələrin hər biri böyük dərslər idi. İlham Əliyevin təcrübəsi, diplomatiyası, sərkərdəlik qabiliyyəti tək postsovet məkanında deyil, regiondan kənarda da analiz edilir, öyrənilir.

Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olmaq, dünya birliyinin bu kontekstdə məlumatlandırılması və əlaqələrin inkişaf etdirilməsi Prezident İlham Əliyevin siyasi strategiyasının əsas xəttini təşkil edirdi. Ali Baş Komandan İlham Əliyev Ordumuzun gücü ilə bir neçə on ilin, hətta əsrin problemini cəmi 44 gün içində həll etdi. Azərbaycan ordusu düşmənin 30 il müddətində qurduğu istehkamları dağıtdı, hərbi texnikasını sıradan çıxardı, onların bütün növ hərbi qoşun hissələrinə sarsıdıcı zərbələr vuraraq məhv etdi.

2020-ci ilin 44 günlük Vətən müharibəsində, ardınca 2023-cü ildə həyata keçirilən qısamüddətli lokal xarakterli antiterror tədbirləri ilə əsrlərin problemi yoluna qoyulmuşdur. Bütün bunlar, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin güclü sərkərdəliyindən xəbər verir. 2020-ci il Zəfəri ilə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaradan Prezident İlham Əliyev hər keçən gün, hər ötən il Azərbaycana uğurlar bəxş edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dərsləri, əzmi, gərgin əməyi nəticəsində şanlı ordumuzun qazandığı tarixi zəfərin misli-bərabəri yoxdur.

Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: