Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 27 Sentyabr – Anım Günü münasibətilə tədbir təşkil olunub.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə institutun baş direktoru, akademik Vaqif Abbasov Anım Gününün tarixi əhəmiyyətindən, 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbədən, şəhidlərimizin misilsiz fədakarlığından və dövlət tərəfindən onların xatirəsinə göstərilən yüksək diqqət və qayğıdan danışıb. Akademik Vaqif Abbasov Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu hərbi-siyasi strategiyanın, onun tarixi çıxışlarının və qətiyyətli qərarlarının Qələbənin əldə olunmasındakı həlledici rolunu xüsusi vurğulayıb. Tədbirdə Vətən müharibəsində döyüşərək qəhrəmanlıq göstərmiş institut əməkdaşları da iştirak edib. Onların şücaət dolu döyüş yolu və göstərdikləri igidliklər tədbir iştirakçılarına qürur hissi ilə çatdırılıb.
Çıxışlardan sonra Vətən müharibəsinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.