Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.09.2025 10:52
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

ETN Geologiya və Geofizika İnstitutunun (GGİ) direktoru akademik Akif Əlizadənin rəhbərliyi ilə Elmi şuranın növbəti iclası keçirilib.

Tədbirin əvvəlində 27 Sentyabr - Anım Günü münasibətilə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həmçinin ömrünün 77-ci ilində vəfat edən g.-m. e.d.  Namaz Yusubovun  xatirəsi anılıb.

Akademik Akif Əlizadə təsdiq edilən gündəliyə uyğun olaraq “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsinə dair Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nın icrasının gedişatına dair məlumat təqdim edib. Müzakirələrin nəticəsi olaraq qərara alınıb ki, ilin sonuna kimi GGİ Gənc Alim və Mütəxəssislər Şurasının fəallığı ilə AMEA-nın 80 illiyi münasibətilə tədbirlər planı əsasında respublika konfransına hazırlığa start verilsin.

UNESCO-nun Dünya İrsi çərçivəsində Azərbaycanda geoparkların yaradılması ilə bağlı görülən işlər haqqında məlumat verən AMEA-nın müxbir üzvü Tələt Kəngərli bildirib  ki, GGİ artıq bir neçə ildir ki, bu istiqamətdə işləyir. Gələcək geoparkın  yaradılmasına və  effektli işləməsinə aid tədbirlər planı da artıq hazırlanıb və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edilib.

Sonra y.e.ü.f.d. Səadət Ələkbərova Elmi şuranın gündəliyinə uyğun olaraq Geologiya və Geofizika İnstitutunun doktoranturasına 2025-ci il üzrə qəbul haqqında məlumat təqdim edib.

Daha sonra elmi əsərlərin müzakirəsi keçirilib və akademik Əkpər Feyzullayevin “Gil və gilli süxurların geologiyası” dərs vəsaiti, g.-m.f.d. Əvəz Salamov və y.e.ü.f.d. Aynur Zamanovanın “Sürüşmə proseslərinin geofiziki üsullarla öyrənilməsi” elmi əsəri çapa tövsiyə edilib.

Gündəliyin sonunda Yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün institutun doktorantı Samir Zeynalovun təqdim etdiyi “Naftalan tipli neftlərin balneoloji fenomeninin geoloji təbiəti: geokimyəvi və geodinamik aspektlər” (elmi rəhbərlər – AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, f.-r.e.d. Qalina Martınova) mövzusunda dissertasiya işinin elmi seminarda müzakirə protokolunun təsdiqi reallaşıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: