Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.09.2025 11:12
  • A-
  • A
  • A+

“Bəxtiyar Vahabzadə poeziya dahilərindən biri kimi” adlı elmi-praktiki konfrans keçirilib

“Bəxtiyar Vahabzadə poeziya dahilərindən biri kimi” adlı elmi-praktiki konfrans keçirilib

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr edilmiş “Bəxtiyar Vahabzadə poeziya dahilərindən biri kimi” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Tədbiri açan Şəki REM-in direktoru fiz.ü.f.d., dos. Yusif Şükürlü qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd edilməsi elmi-ədəbi konfrans olmaqla yanaşı, ictimai-siyasi və ideoloji məzmuna malik tarixi hadisədir.

Direktor bildirib ki, Bəxtiyar Vahabzadə bədii-ictimai fikir tarixində milli azadlıq ideyalarının təbliğ olunmasında, istiqlal məfkurəsinə sədaqət hissinin aşılanmasında müstəsna xidmətləri olan böyük mütəfəkkirdir.

Yusif Şükürlü şairin zəngin ədəbi irsə sahib olduğunu vurğulayıb, ədibin yaradıcılığında bütün mövzulara müraciət etdiyini diqqətə çatdırıb. O, şairin “Gülüstan” poemasının milli nəslin formalaşmasındakı önəmli rolundan bəhs edərək, poemanın orijinal mətnini səsləndirib, tədbirin işinə uğur diləyib.

Sonra mərkəzin Ədəbi-mədəni mühit və folklor şöbəsinin rəhbəri Təranə Abdullayeva “Bəxtiyar Vahabzadə yaradıcılığında klassik irsə münasibət” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi şairin klassik irsimizi milli kimliyimizin bünövrəsi kimi qiymətləndirdiyini, klassik sənətkarların yaradıcılığından bəhrələnərək, üslub cəhətdən bir-birindən fərqli və maraqlı fəlsəfi əsərlər yaratdığını, klassik ruha yeni duyğular gətirdiyini, bir sözlə, klassik ənənəni müasir dövrün düşüncə müstəvisində sərgilədiyini nəzərə çatdırıb.

Daha sonra mərkəzin Arxeologiya və etnoqrafiya şöbəsinin elmi işçisi Aygül Xəlilova “Bəxtiyar Vahabzadənin nəsr yaradıcılığı” mövzusunda məruzəsini təqdim edərək şairin nəsr yaradıcılığının publisistik məqalələr, ədəbi-tənqidi yazılar, publisistik esselər, xatirələr və hekayələrdən ibarət olduğunu bildirib.

O, nasirin yaradıcılığında azlıq təşkil edən hekayə janrı nümunələrinin geniş tədqiq olunmadığını söyləyib, lakin buna baxmayaraq, həmin bədii nümunələrin bənzərsizliyindən, zəngin fəlsəfi fikrin ifadəçisi olmasından danışıb. Məruzəçi, həmçinin elmi tədqiqata cəlb etdiyi hekayələrin bədii-estetik dəyərini, fəlsəfi mahiyyətini bölüşüb.

Tədbirdə “Bəxtiyar Vahabzadə yaradıcılığında millilik” mövzusunda məruzə ilə çıxış edən Ədəbi-mədəni mühit və folklor şöbəsinin elmi işçisi Tural Adışirinov qeyd edib ki, Bəxtiyar Vahabzadə həm ədəbi, həm də ictimai fəaliyyətində əqidə və dönməzlik nümunəsi olub. Məruzəçi şairin şəxsiyyətinin, yaradıcılığının, milli istiqlal mübarizəsinin Ümummilli Lider Heydər Əliyev tərəfindən yüksək qiymətləndirildiyinə diqqət çəkib, böyük mütəfəkkirin ana dilinin saflığı uğrunda mübarizəsinin, Cənubi Azərbaycana olan həssaslığının xalqın tarixi yaddaşının təmizlənməsində müstəsna rol oynadığını vurğulayıb.

Elmi-praktiki konfrans müzakirələr ətrafında davam etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: