Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.10.2025 10:41
  • A-
  • A
  • A+

“Eynulla səsinin möcüzəsi” kitabının təqdimatı olub

“Eynulla səsinin möcüzəsi” kitabının təqdimatı olub

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının təşkilatçılığı ilə Kürdəmir rayon Vahid Sarıyev adına Şüşün kənd tam orta məktəbində yazıçı-jurnalist Tofiq Abdullayevin “Eynulla səsinin möcüzəsi” adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə muzeyin Aran Regional filialının müdiri Yaqut Bahadurqızı açaraq görkəmli xanəndə, xalq mahnıları və klassik muğamlarımızın mahir ifaçısı Eynulla Cəbrayılovun Azərbaycan musiqi mədəniyyəti tarixində tutduğu əhəmiyyətli mövqedən danışıb, onun sənət irsinin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.

Yaqut Bahadurqızı yazıçı-jurnalist Tofiq Abdullayevin böyük zəhmət bahasına muğam bilicilərindən, respublikanın tanınmış ziyalılarından, ustad sənətkarın sənətinin vurğunlarından topladığı xatirələrdən ibarət ərsəyə gətirdiyi “Eynulla səsinin möcüzəsi” adlı kitabının əhəmiyyətini qeyd edib.

Sonra nəşrin müəllifi Tofiq Abdullayev çıxış edərək Eynulla Cəbrayılovun həyat və yaradıcılıq yolunun araşdırılmasından, görkəmli sənətkar haqqında məşhur muğam ifaçıları ilə söhbətlərinin maraqlı anlarından bəhs edib.

Tədbir zamanı Eynulla Cəbrayılov sənətinin vurğunları, onun ifalarının canlı şahidləri - yazıçı-publisist Əlisəfa Azayev, Abduləziz Hüseynov, Vaqif Alıyev, Simuzər Bağıyeva, Abdulla Abdullayev, İbrahim İbrahimov, Söyüdmalı Alıyev və sənət yoldaşları çıxış edərək sənətkarın şəxsiyyətindən, el məclislərində, konsertlərdə ifaları zamanı göstərdiyi məharətindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Daha sonra sənətkarın yetirmələri Hüseynqulu Hüseynov və Rəşad Hüseynov xanəndənin repertuarından seçmə musiqi nömrələri ifa ediblər.

Tədbirdə Eynulla Cəbrayılovun səs yazıları səsləndirilib, sənət yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

Sonda böyük sənətkarın övladı Mahir Cəbrayılov çıxış edərək Eynulla Cəbrayılovun ailə üzvləri və yaxınları adından yazıçı-jurnalist Tofiq Abdullayevə gərgin zəhmət bahasına ərsəyə gələn kitaba görə minnətdarlığını bildirib. Məclis iştirakçılarına “Eynulla səsinin möcüzəsi” kitabı hədiyyə edilib.

Mərasim sənətə, muğam və xalq musiqisinə dəyər verən ictimaiyyət nümayəndələri tərəfindən yüksək maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: