Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.10.2025 10:32
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzin Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə edilib

Şəki Regional Elmi Mərkəzin Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə edilib

AMEA-nın Şəki Regional Elmi Mərkəzində Elmi şuranın növbəti iclası keçirilib.

Əvvəlcə Şəki Regional Elmi Mərkəzin direktoru fiz.ü.f.d., dos. Yusif Şükürlü iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib, gündəlik səsə qoyularaq qəbul edilib.

Sonra direktor Azərbaycan Respublikası Prezidentinin "Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında" 5 iyul 2025-ci il tarixli Sərəncamının icrası ilə bağlı AMEA Rəyasət Heyətinin 10 sentyabr 2025-ci il tarixli qərarını iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, Azərbaycan elm tarixinin Nobel mükafatına ən yaxın namizədi olan akademik Yusif Məmmədəliyevin yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ölkə başçısının elmimizə göstərdiyi qayğı və diqqətinin nəticəsidir.

Daha sonra Şəki Regional Elmi Mərkəzin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tural Adışirinov AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının bazasında "Gənclər Akademiyası"nın yaradılması haqqında AMEA Rəyasət Heyətinin 10 sentyabr 2025-ci il tarixli qərarından bəhs edib. Bildirib ki, qərara əsasən yaşı 35-ə qədər olan gənclərdən ibarət tərkibin yaradılması nəzərdə tutulur və Şəki REM-də belə gənclərin sayı 12 nəfərdir. O, Şuranın tərkibində təşkil ediləcək “Gənclər Akademiyası”nda gənclərin elmi fəaliyyətinin məhsuldar olması istiqamətində lazımi işlərin görüləcəyini nəzərə çatdırıb.

Tədbirdə Sənədlərlə iş şöbəsinin rəhbəri Sevinc Hüseynova "AMEA-nın 80 illik yubileyinə həsr olunmuş "Humanitar və ictimai elmlər sahəsində süni intellekt və rəqəmsal texnologiyalardan istifadə imkanları" mövzusunda gənc tədqiqatçıların məqalə müsabiqəsinin keçirilməsi haqqında" AMEA Rəyasət Heyətinin müvafiq qərarını səsləndirib. Bildirib ki, müsabiqənin şərtlərinə əsasən, AMEA-da fəaliyyət göstərən 35 yaşa qədər gənclər müsabiqədə iştirak edə bilərlər.

Elmi şurada Şəki REM gənclərinin müsabiqədə iştirakını təmin etmək məqsədilə onlara “Gənclər Akademiyası” tərəfindən dəstək göstərilməsi qərara alınıb.

Elektron xidmətlər şöbəsinin rəhbəri Namiq Abdurahmanov AMEA-nın Elektron Akademiya şöbəsinin Rəqəmsal Akademiya, Süni İntellekt və Elektron xidmətlər şöbəsi adlandırılması haqqında AMEA Rəyasət Heyətinin müvafiq qərarını diqqətə çatdırıb. Elmi Şura bundan sonra Elektron xidmətlər şöbəsinin adının Süni İntellekt və Elektron xidmətlər şöbəsi adı ilə əvəz olunmasına qərar verib.

İclasda, həmçinin Ekoloji biofizika, Bitkilərin biokimyası, Tut ipəkqurdunun seleksiyası, Landşaftşünaslıq şöbələrinə rəhbər vəzifələrinə seçki keçirilib.

Səsvermədə 13 nəfər Elmi şura üzvü iştirak edib. Səsvermənin nəticələrinə görə, k.təs. ü.f.d. İsmayılov İlqar Rafiq oğlu Ekoloji biofizika şöbəsinin, Salmanova Ayşən Kamil qızı Bitkilərin biokimyası şöbəsinin, bio.ü.f.d., dos. Bəkirov Qüdürət Məmməd oğlu Tut ipəkqurdunun seleksiyası şöbəsinin, geol-min.ü.f.d. Mustafabəyli Hüseyn Lütvəli oğlu Landşafşünaslıq şöbəsinin rəhbəri vəzifəsinə seçiliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: