Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunda 7 oktyabr Ümumdünya Layiqli Əmək Günü münasibətilə tədbir keçirilib.
Tədbirin əsas məqsədi layiqli əmək anlayışının mahiyyətini izah etmək, əmək münasibətlərində beynəlxalq standartların tətbiqi, sosial ədalət və bərabərlik prinsiplərinin təbliğinə dəstək göstərmək olmuşdur.
Tədbiri giriş sözü ilə açan AR ETN Dendrologiya İnstitutunun baş direktor v.i.e. b.ü.f.d., dosent Minarə Həsənova əməkdaşları salamlayaraq, Ümumdünya Layiqli Əmək Gününün tarixi və əhəmiyyəti barədə məlumat vermiş, bu günün beynəlxalq əmək təşkilatlarının təşəbbüsü ilə hər il müxtəlif ölkələrdə qeyd olunduğunu vurğulamışdır.
Daha sonra institut əməkdaşlarının çıxışlarında bildirildi ki, layiqli əmək konsepsiyası əmək haqqının ədalətli olması ilə yanaşı, təhlükəsiz və sağlam iş şəraitinin təmin edilməsini, sosial müdafiə tədbirlərinin möhkəmləndirilməsini və əmək hüquqlarına hörmət olunmasını nəzərdə tutur. Qeyd edilib ki, layiqli əmək yalnız əmək haqqının ədalətli olması ilə məhdudlaşmır, eyni zamanda təhlükəsiz və sağlam iş şəraitini, sosial müdafiə tədbirlərini və əmək hüquqlarına hörmətin təmin edilməsini özündə ehtiva edir.
Müzakirələrdə gənclərin əmək bazarına hazırlanması, əmək hüquqlarının qorunması, iş yerlərində gender bərabərliyinin və sosial dialoqun inkişafı məsələləri xüsusi diqqət mərkəzində olmuşdur.
Tədbir çərçivəsində mövzuya dair məruzələr dinlənilmiş, əməkdaşlar arasında geniş fikir mübadiləsi aparılmış aşağıdakı təkliflər verilmişdir.
• İş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunmasına dair tədbirlərin gücləndirilməsi;
• Əmək münasibətlərində sosial dialoqun və qarşılıqlı hörmətin daha da inkişaf etdirilməsi;
• Əməkdaşların peşəkar inkişafı üçün əlavə təlim və ixtisasartırma kurslarının təşkil edilməsi;
• Sosial təminat və rifahın yaxşılaşdırılması istiqamətində mütəmadi monitorinqlərin aparılması;
• Kollektiv müqavilələrin icrasına nəzarətin gücləndirilməsi.
Vurğulanmışdır ki, bu cür tədbirlərin keçirilməsi əmək mədəniyyətinin inkişafına, gənc nəslin maarifləndirilməsinə və layiqli əməyin təşviqinə mühüm töhfə verir.
Tədbirin yekununda institutun uzun müddət səmərəli fəaliyyət göstərmiş əməkdaşlarına əməyinə verilən yüksək qiymətin göstəricisi olaraq təşəkkürnamələr təqdim olunmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.